"Beynəlxalq konfranslar ölkəmizin tanıdılması üçün çox əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

12 Sentyabr 2019 17:43 (UTC+04:00)

“XVIII Ümumdünya Avrasiya Cərrahlar Konfransı cərrahların bir yerdə keçirmiş olduqları konfransdır ki, bu hazırda bizim ölkəmizdə keçirilir və bu konfransda cərrahi seksiyada bir çox bölmələr var. Eləcə də plastik və rekonstruktiv cərrahiyyə seksiyası var”. Bunu Plastik Rekonstruktiv Cərrahlar Cəmiyyətinin sədri, Tibb Elmləri doktoru, professor Vaqif Qələndərli SİA-ya açıqlamasında deyib.

“Bu gün plastik və rekonstruktiv cərrahiyyəyə həsr olunub. Bildiyiniz kimi burada dünyanın bir çox ölkələrindən gələn mütəxəssislər iştirak edirlər. Onların yerli mütəxəssislərlə bir yerdə çıxışları var. Bu çıxışlar əlbəttə ki, ölkəmizdə inkişaf edən konstruktiv plastik cərrahiyyənin həm ölkəmizdə səviyyəsini təqdim edir, eyni zamanda dünyada ən son nailiyyətləri olan və ən son protokollardan istifadə edərək aparılan əməliyyatlar barədə geniş müqaisələr, diskusiyalar aparılır. Mən, Azərbaycan Plastik Rekonstruktiv Cərrahlar Cəmiyyətinin sədri kimi elə başa düşürəm ki, burada cərrahlar aparılan əməliyyatlar barədə məlumatlar verib və müzakirələr apara biliblər.

Belə konfransların ölkəmizdə keçirilməsi çox vacib məsələdir. Mən fürsətdən istifadə edərək belə bir konfransın təşkilatçılarına, başda professor Rauf müəllim olmaqla, bu təşkilat komitəsinin hamısına öz təşəkkürümü bildirirəm. Bu cür beynəlxalq səviyyəli konfransların keçirilməsi əlbəttə ki, ölkəmizin səhiyyəsinin inkişafında böyük rol oynayır. Son zamanlar ölkəmiz bir çox konfranslara ev sahibliyi edir və bununla da həm gəlib ölkəmizi, onun inkişafını görürlər, həm də tibbin, eləcə də cərrahiyyənin, plastik cərrahiyyənin səviyyəsini, inkişafını görürlər ki, bu da bizim özümüz üçün qürurvericidir. Belə beynəlxalq konfranslar həm elmin inkişafı olaraq, həm də ölkəmizin tanıdılması üçün çox əhəmiyyətlidir.