“Qarabağ” ciddi problemlərlə üzləşib

12 Sentyabr 2019 14:23 (UTC+04:00)

“Qarabağ” Premyer Liqanın IV turunda “Neftçi” ilə ev oyunu ərəfəsində heyətlə bağlı ciddi problemlərlə üzləşib. SİA-nın məlumatına görə, zədəli yarımmüdafiəçi Filip Ozobiçin oynamayacağı dəqiqdir. Komanda ilə məşqlərə yenicə başlayan mərkəz müdafiəçisi Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacağı bilinmir. Həmçinin Azərbaycan millisinin məşqində zədələnən digər mərkəz müdafiəçisi Rahil Məmmədov və yığmanın Uelslə səfər görüşündə xəsarət alan Riçard Almeydanın da komandaya kömək edib-etməyəcəyi oyun gününə qədər bəlli olacaq.

“Neftçi”yə gəlincə, paytaxt təmsilçisinin ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdiyi matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə görən müdafiəçi Anton Krivotsyuk cəzalıdır. Həmin qarşılaşmanın 63-cü dəqiqəsində zədələndiyi üçün Rəhman Hacıyevlə əvəzlənən Soni Mustivar fərdi məşq edir. Haitili dayaq yarımmüdafiəçisinin “Qarabağ”a qarşı oynayıb-oynamayacağı dəqiq deyil.

Qeyd edək ki, sentyabrın15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. “Qarabağ” 4 gün sonra Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.