"Keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır" Elçin Əhmədov

11 Sentyabr 2019 15:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanlarına seçkilər”in keçirilməsi oradakı cinayətkar rejimin özü kimi qondarmadır. SİA-nın verdiyi çəlumata görə, bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib: “Artıq neçənci dəfədir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə qondarma “seçkilər” keçirilir. Yəni, 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”, 2015-ci il mayın 3-də “parlament seçkiləri”, 2015-ci il sentyabrın 13-də qondarma “özünüidarə orqanlarına seçkilər”, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”, 2017-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb.

Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin Aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 27 il əvvəl Xocalı soyqırımını törədib, tarixən Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşamış azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşüb. Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bu baxımdan, Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.

Bununla yanaşı, 30 ildən artıqdır ki, beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozan Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, eləcə də qanunsuz fəaliyyətlərlə cinayətkar rejimin guya “tanınması” görüntüsü yaradaraq Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Bu cür "seçkilər”in də keçirilməsinin də əsil mahiyyəti məhz ondan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini dəfələrlə bildirib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan işğal edilmiş torpaqlarını, nəyin bahasına olursa olsun, azad edəcək”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər. Bu səbəbdən, münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri ayrı-seçkiliyə əsaslanan siyasətə son qoymalı, təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır.

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin məlum qətnamələrinə zidd olaraq, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, beynəlxalq birliyin ona qarşı cəzasızlığından istifadə edərək Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil etməklə yanaşı, özünün digər qanunsuz hərəkətləri ilə, yəni, işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyəti ilə, xüsusilə, məskunlaşdırma siyasətinin aparılması, demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə ciddi narahatlıq və regionda sülhün bərqərar olmasına təhlükə yaradır. Ona görə də beynəlxalq birlik Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir. Bir sözlə, böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. AZƏRTAC