Təhmasib Novruzov: “Üzdəniraq ”Milsiz Şura”nın heç bir nüfuzu və elektoratı yoxdur ” RƏY-ÖZƏL

11 Sentyabr 2019 14:41 (UTC+04:00)

“Müxalif ünsürlərə tapşırıq verənlər də gözəl bilirlər ki, ölkədə nə Əli Kərimlinin və onun təmsil elədiyi qurumun, nə də Cəmil Həsənlinin və onun təmsil elədiyi üzdəniraq ”Milsiz Şura”nın heç bir nüfuzu və elektoratı yoxdur”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, bu adamlar ətraflarına ən yaxşı halda 1000-1500 iqtidardan narazı adamlar toplaya bilərlər ki, bunun da ümumən cəmiyyətin inkişafına, yaxud da dövlətçiliyin güclənməsinə qarşı yönəlik istəklərin reallaşmasına hər hansı təsiri ola bilməz: “Sadəcə, anti-Azərbaycan qüvvələr illərdir ki, bunlara milyonlar ötürür və verdiklərinin müqabilində nəticə yoxdur. İndi onlar ordan hesabat tələb edirlər, bunlar da hesabat vermək üçün hay salırlar ki, mitinq eləyirik. Sonda mitinqə heç kim gəlməyəndə də çıxıb şivən qoparırlar ki, ay aman, qoymayın, hakimiyyət sərbəst toplaşma azadlığını pozur, adamları mitinqə gəlməyə imkan vermir, nə bilim, daha nələr. Ağaları da o saat onların bu çığır-bağırını ötürəcək ermənipərəst informasiya agentliklərinə, bəzi-bəzi qeyri-hökumət qurumlarına, onlar da başlayacaqlar Əlinin, Cəmilin çaldıqları zurnanın sədasına rəqs eləməyə. Vəssalam! Bununla da istəklərinə nail olacaqlar və ağalarından növbəti pul tranşı istəyəcəklər. Beləcə özlərinin siyasi biznes bazarlarını inkişaf etdirirlər ki, istədikləri də elə budur. Kar, kor, şalvarı cırıq (yoxluqdan yox a, modabazlıqdan) Avropanın da bəzi-bəzi dairələri yayılan bu yalan məlumatları toplayacaq, Azərbaycan iqtidarına təzyiq variantı kimi çinədanlarında qoruyacaqlar ki, zamanı gələndə istifadə eləsinlər. Mən onu bilirəm ki, bir vaxt gələcək, bu zavalsızlar əməllərinə görə millət qarşısında cavab verməli olacaqlar, amma verməyə cavab tapmayacaqlar”.

GÜLYANƏ