Təhsil işçilərinin respublika konfransı keçirilib - FOTOLAR

11 Sentyabr 2019 11:46 (UTC+04:00)

Bu gün təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib. Konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılıb. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə “Təhsil” televiziyasının 2018-2019-cu tədris ili ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Bu təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil veriləcək. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd eyməliyik. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.

Nazir qeyd edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qoymamalıyıq. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən artıq müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-də qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib.

Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir.

İstedadlı uşaqlarla iş sahəsində görülən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla ümumilikdə 146 medal qazanıblar. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinif yaradılıb. Cari tədris ilində də bu istiqamətdə işlər davam etdiriləcək, siniflərin sayı artırılacaq. Gəncə şəhərində və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Siniflərin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu siniflərin beynəlxalq olimpiadalara hazırlıq mərkəzi funksiyasını daşıması da nəzərdə tutulur.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən artıq şagirdi əhatə edəcək. Növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start veriləcək.

Məktəb Məzunlarının əmək bazarına daha asanlıqla inteqrasiyasını təmin etmək məqsədilə növbəti tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə edilməklə 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.

Təhsil sisteminin qarşısında duran ən böyük vəzifələrdən biri də təhsilin bütün vətəndaşlar üçün əlçatan, keyfiyyətli, rəqabətədavamlı olması, eyni zamanda, gənclərimizdə düzgün dəyərlərin formalaşdırılmasıdır. Nazir təhsil işçilərini bu istiqamətdə səylərini artırmağa çağırıb.

Çıxışının sonunda nazir Ceyhun Bayramov yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətindən, əldə edilən nailiyyətlərdən və yeni tədris ili üçün nəzərdə tutulan prioritetlərdən danışıblar.

Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən tələbə Fidan Əhmədova çıxış ediblər.

Konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM milli kurikulumun tərkib hissəsi kimi”, “Ümumi təhsil məktəblərində peşəyönümlü təmayüllərin tətbiqi” mövzularında müzakirələr aparılıb.

Xatırladaq ki, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin konfransları keçirilib. Konfranslarda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlar verilib.