Regionların inkişafı Azərbaycanın hərtərəfli tərəqqisinə müsbət təsir göstərir

10 Sentyabr 2019 17:20 (UTC+04:00)

Prezident İlham Əliyevin dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib

Dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdəndir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları, bu baxımdan, xüsusi qeyd edilməlidir. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları iqtisadi potensialın əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuş, Azərbaycanı, bütün bölgələrində dinamik tərəqqi yaşanan ölkəyə çevirmişdir. Hazırda ən ucqar yaşayış məntəqələrinin də dayanıqlı elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri istifadəyə verilir. Dövlət proqramlarının uğurlu icrası sayəsində, regionların inkişafına, əhalinin yeni iş yerləri ilə təmin olunmasına, yoxsulluğun və işsizliyin minimuma endirilməsinə nail olunmuşdur.

Son 16 ilin inkişafı

Bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin və əvvəlki dövlət proqramlarının məntiqi davamı olan III Dövlət Proqramı ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına və regionların uğurlu inkişafına əhəmiyyətli töhfəsini verdi. Sözün əsl mənasında, regionların simasını köklü surətdə dəyişdi. Regionların indiki vəziyyəti 16 il bundan əvvəlki vəziyyətindən, həqiqətən, fundamental dərəcədə fərqlənir. Xüsusi ilə, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə, sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Son 16 ildə, məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq, respublikamız ictimai həyatın bütün sahələrində çoxşaxəli islahatlar aparan və investisiya cəlbedicililyini qoruyan ölkələrdən biri kimi tanınır.
Dünyanın mötəbər "beyin mərkəzi" sayılan Davos Forumunun 2018-ci il üçün hesabatında Azərbaycanın rəqabət qabiliyyətliliyinə görə 35-ci, "Doing Business" hesabatında 25-ci yerdə qərarlaşması həyata keçirilən islahatların səmərəliliyinin bariz göstəricisidir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda vurğulanmışdır ki, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. Dövlət başçısı İlham Əliyev ötən 16 il müddətində sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin - potensial və imkanlar nəzərə alınmaqla - proporsional inkişafını vacib saymış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yekunları ilə bağlı demişdir: "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz Proqram sayca üçüncüdür.
Beləliklə, görülmüş işlər haqqında danışanda, əlbəttə ki, biz son 16 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 16 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır".

Regionların inkişafı - sahibkarlığa dövlət qayğısı

Regional inkişaf tədbirləri son 16 ildə Azərbaycanda güclü sahibkarlar sinfinin yaranmasına da yeni təkan vermişdir. Möhtərəm Prezidentin dəfələrlə bəyan etdiyi kimi, bazar iqtisadiyyatı yolunu seçmiş hər bir ölkənin sabit və davamlı inkişafında sahibkarlar sinfinin, özəl sektorun rolu misilsizdir.
Antiinhisar fəaliyyətinin gücləndirilməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiqlənməsi, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin yaradılması və s. kimi tədbirlər də, bunun əyani təcəssümü olmuşdur. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində əsaslı yer tutur. Əminliklə, demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət, növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına və digər uğurlu nəticələrin əldə edilməsinə öz əhəmiyyətli töhfəsini verəcəkdir.

RƏFİQƏ KAMALQIZI