“Samsung Electronics” şirkəti OLED ekran satışının 82 faizini təmin edib

8 Sentyabr 2019 19:49 (UTC+04:00)

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti bu ilin ikinci rübündə dünya OLED (orqanik işıq diodlarına əsaslanan) ekran satışının 82 faizini təmin edib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə bir qədər az olsa da, “Samsung”un dünya bazarına nəzarəti hələ əlində saxlamağa imkan verir.

SİA xəbər verir ki, bu barədə “IHS Markit” analitik şirkəti məlumat yayıb. Cənubi Koreya şirkətinin hesabat dövründə OLED ekran satışı üzrə dövriyyəsi 3,15 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Azalmanın əsas səbəbi Çinin “BOE Technology” şirkətinin bazardakı payının 12 faizə çatması olub. Çin şirkəti bununla ilk dəfədir ki, 10 faizlik həddi keçib.

“IHS Markit”in mütəxəssisləri hesab edir ki, “BOE Technology” şirkətinin OLED bazarında irəliləməsinə baxmayaraq, “Samsung” bu sahədə dominantlığını hələ davam etdirəcək.