Vyanada Azərbaycan mədəniyyəti nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb

7 Sentyabr 2019 06:30 (UTC+04:00)

Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin də tərəfdaş kimi qoşulduğu həftə ərzində milli rəqs və geyimlərə həsr olunmuş tədbirlər, qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib.

SİA xəbər verir ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) həyata keçirdiyi tədbirlərdə ümumilikdə 60-dək ölkənin nümayəndəsi iştirak edib.

Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Podium diskussiyasında müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və Vyana şəhər meriyasının rəhbər vəzifəli şəxsləri çıxışçı kimi iştirak ediblər.

Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib. Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd edilib. Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi. Qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular və 100 il əvvəl qadınlara seçki hüququ verildi, bu da onlara Azərbaycanın ictimai və siyasi həyatında iştirak etməyə imkan yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qəbul edilmiş qərarlar ölkəmizin gələcəyinə çox təsir etdi.

Xüsusilə qeyd edilib ki, Azərbaycanda qadınlara yüksək dəyər verilməsi, onların cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün atılan addımların tarixi qədimdir. Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Haci Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açıb. 1908-ci ildə Qarabağ xanlığının son hökmdarının varisi Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu bir məktəb yaradıb. Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi: “Çox qürur hissi ilə deyə bilərik ki, müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi yolunda qətiyyətli addımlar atmağa başladıq. 1998-ci ildə Azərbaycanda Qadın Məsələləri üzrə Komitə yaradıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətində böyük rol oynayan Fərman imzaladı. 2006-cı ildə qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında qanun“ gender əsaslı ayrıseçkiliyin bütün formalarını aradan qaldırmaq, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə gender bərabərliyini təmin etmək məqsədi daşıyırdı.”

Bildirilib ki, Azərbaycanda gender siyasəti gücləndikcə cəmiyyətin müxtəlif təbəqələrində qadınların mövqeyi də möhkəmlənir. Hazırda ölkəmizdə doktorantura ali təhsil pilləsində təhsil alanların 56 faizi qadınlardır, dövlət qurumlarında, eləcə də özəl sektorda da onların sayı artmaqdadır.

Səfir həmçinin qeyd edib ki, yeni nəsil Azərbaycan diplomatları və gənc liderlər Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan ilham alırlar. Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi yorulmaz humanitar səyləri, qadınlar, uşaqlar üçün təbliğat işləri ilə də tanınır, Azərbaycan qadınları üçün əsl örnək rolunu oynayır.

Podium diskussiyasında cəmiyyətdə və dövlət idarəçiliyində gender bərabərliyi, idarəçilik orqanlarında qadınların sayının artırılması, sülhün qorunması və qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub.

Dəfilədə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.

Tədbirin moderatoru iştirakçılara Gülnarə Xəlilovanın yaradıcılığı və onun rəhbəri olduğu “Gülnarə Xəlilova Moda və İncəsənət Evi” barədə məlumat verib, Azərbaycan milli geyimlərinin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

“Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi qala gecəsi ilə başa çatıb.