Avtoqəzada yaralanların müalicəsi davam edir

29 Avqust 2019 19:06 (UTC+04:00)

Lənkəranda baş verən avtoqəzada yaralanların beşinin mərkəzi rayon xəstəxanasında müalicəsi davam edir. Xəbər verdiyimiz kimi, ötən gün Lənkəran rayonunun Bəliton kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusu yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşıb. Sürücü hadisə zamanı ölüb. Avtobusda olan 22 nəfər sərnişin xəsarət alıb.

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son durumu ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 5 nəfərin müalicəsi davam edir. Onlardan biri reanimasiya, digər 4 nəfər isə travmatologiya şöbəsində müalicə alır.