Gələcəyinə ümid bəslədiyimiz müğənni

27 Avqust 2019 15:45 (UTC+04:00)

Redaksiyamıza jurnalist, publisist Pikə İsmayılqızı bir məktub göndərib. Çox səmimi məktub olduğuna görə çoxminli oxucuların ixtiyarına veririk.

Mən ədəbiyyat və jurnalistika sahəsində məşğul olan xanımam. Və biz bir qrup yazar xanımlarla birlikdə Xaçmaz rayonunun Nabran İstirahət Mərkəzində dincəlirdik. İlk öncə onu vurğulayım ki, bura istirahətə gələnlər üçün lazım olan bütün şərait yaradılıb. Nabran isə həqiqətən də Azərbaycanın cənnətməkan guşələrindən biridir. Ulu Tanrı bu yerlərə hər cürə gözəllik bəxş eləyib. Ümumiyyətlə, Azərbaycan özü böyda bir cənnətməkan diyardır. Amma biz, öz doğma yurdumuzun qədrini layiqincə bilmirik. Bu yurdu daha da cənnətməkan etmək isə ilk öncə bizim özümüzdən çox asılıdır. Amma biz çox vaxt bizə lazım olan şəraiti yaratmağı ölkə başçısından gözləyirik. Bəs özümüz niyə özümüzə lazım olan şərait yaratmırıq? Axı belə münbit torpağı, gözəl havası, əsrarəngiz meşələri, yam-yaşıl dağları olan yurdun insanları niyə kasıb yaşamalıdır? Gəlin danmayaq. Biz özümüz bir qədər tənbəlik. Biz bunu elə Xaçmazda da, Qubada da, Şabranda da olanda gördük. Mən öz işimlə bağlı Azərbaycanın bütün bölgələrində oluram. Demək olar ki, bütün bölgələrdə insanlarımızın torpağa bağlılığı, onun barından, bərəkətindən istifadə etmək çox azdır. Torpaq isə insanlara belə deyir: “Öldür məni, dirildim səni. Sən mənə tər ver, mən sənə zər verim. Torpaq ovuclayan, qızıl ovuclayar. Döy məni, doyurum səni”. Bax bunları eləməyən insana isə atalar deyib: “Torpaq qızıl quşdur əldən buraxdın-uçar gedər”. Bəli, biz torpağı əldən buraxmışıq. Ona görə də kasıb yaşayırıq. Amma mən qonşu İran İslam Respublikasında və qonşu Dağıstan Respublikasında olanda insanların torpaqda necə böyük zəhmətlə, coşqu ilə işlədiklərinin şahidi olmuşam. Məhz ona görə də onlar bizdən yaxşı yaşayırlar. Lakin bizim torpaqlar həmin respublikaların torpaqlarından daha münbitdir və yaxşı bar verəndir.

Əlbəttə, mənim fikrim bu yazıda heç də yuxarıda yazdıqlarımı sadalamaq, təhlil etmək deyil. Çünki bu yazının əsas mövzusu özünün oxduğu mahnılarla heç kimi təkrarlamayan, heç kimi yamsılamayan bir gənc müğənni Rauf Mürsəlov haqqındadır. Biz Nabranda istirahət edən vaxt o, özünün kollektivilə bir neçə dəfə Nabranda istirahət edən həmvətənlərimiz və xarici qonaqlar qarşısında yüksək peşəkarlıqla çıxış etdi. İnanın ki, onun hər mahnısı sürəkli alqışlarla qarşılanırdı. Belə cavan oğlanın, belə böyük istedad sahib olması, bir azərbaycanlı kimi məndə də bir qürür hissi yaratdı. Doğrudur bu gün Azərbaycanda mahnı oxuyanlar həddindən artıq çoxdur. Və çoxu da bir-birini təkrarlayır, yamsılayır. Amma Rauf öz yolu ilə getməklə, oxuduğu hər mahnıya yaradıcı yanaşır. Yeni nəfəs verir. Ona görə də belə qərara gəldim ki, onun haqqında yazıb, belə istedadlı cavan oğlanı çoxminli oxucularla daha yaxından tanış edim.

Qısa arayış: Rauf Baba oğlu Mürsəlov 10 aprel 1985- ci ildə Xaçmaz rayonunda anadan olub.1990- ci ildə Xaçmaz rayon 6 nömrəli tam orta məktəbinin 1- ci sinfinə gedib və 2000- ci ildə həmən məktəbin 9- cu sinfini bitirib və təhsilini Xacmaz rayon Peşə məktəbinin “məliyyatçı mühasib” kursunda davam etdirib. O, 2003- cü ilin aprel ayının 11-də Azərbaycan silahlı qüvvələrinə hərbi xidmətə gedib və 2004- cü il oktyabr ayında hərbi xidmətni uğurla başa vurub və doğulduğu Xaçmaz rayonuna qayıdıb. 2005- ci ildə Xacmaz rayon Mədəniyyət evinin muğam kursuna daxil olub və 2 il orada təhsil alıb. Müəllimi tanınmış müğənni Məzahir olub. Müəllimindən yaxşı dərs alan Rauf, hal-hazırda Azərbaycanın Şimal bölgəsində ən tanınmış musiqiçilərdən biridir. Məhz buna görə də Rauf Mürsəlov Xaçmaz rayonunun el şənliklərində və toylarında mütəmadi iştirak edir. Özünün yaxşı repertuarına, məlahətli səsinə görə 34 yaşılı Rauf Mürsəlov bu gün Xaçmazda və qonşu rayonlarda ən sevilən müğənnilərdən biridir. Ailəlidir və 3 övladı var.

Yüksək peşəkar ifasına və maraqlı repertuarına görə, tez-tez Xacmaz rayonunda keçirilən dövlət tedbirlərində, hərbi hissələrdə, region TV (RTV) də artıq 2008- ci ildən yayimlanan “Toy Kimindir” müsabiqəsində mütəmadi çıxış edir və həmişə də tamaşaçıların maraqla izlədiyi müğənnidir.

Onunla söhbət əsnasında öyrəndim ki, Rauf Mürsəlov Xacmaz rayonu Xudat şəhəri Nabran-Yalama Xəzər Turizim Mərkəzi rəhbərlərinin təklifilə bu istirahət yerlərində tez-tez çıxış edir. O, həm də Xəzər Turizim Mərkəzinin üzvüdür. Raufun ən böyük arzusu respublika səviyyəli müsabiqələrdə iştirak etməkdir. Biz inanırıqı ki, Rauf Mürsəlov əgər belə yarışmalarda iştirak eləsə hökmən qaliblər sırasında olacaq. Bax onda belə cavan və istedadlı müğənnini bütövlükdə Azərbaycan tanıyacaq. Az-çox musiqidən başı çıxan bir xanım yazar kimi mənim isə Rauf Mürsəlova təklifim budur ki, hökmən müsiqi sahəsində Müsiqi Kollecində və ali məktəbdə təhsil alsın. Çünki bu gün mükəmməl təhsil almadan, dərin bir dərya olan musiqi aləmində tarixdə qalmaq çox çətindir. Axı bu sahədə istedadla yanaşı dərin savad da böyük rol oynayır.