Quldurlar ələ keçdi

23 Avqust 2019 16:42 (UTC+04:00)

Avqustun 16-da üç naməlum şəxs Zaqatala rayonunun Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahibinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib və pul tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, həmin şəxslər 300 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin rayonun Kebeloba kənd sakinləri Fərhad və İsmayıl Zəngiyevlər tərəfindən törədildiyi müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.