"Əhalinin gəlirlərinin artması vətəndaşların firavan həyatının təminatına çevrilib” RƏY-ÖZƏL

23 Avqust 2019 11:05 (UTC+04:00)

“Bu gün ölkəmizdə sosial sahədə atılan addımların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevin düşünülmüş islahatları, müdrik qərarları, imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də sübut edir ki, ölkəmizin güclü iqtisadi imkanları var.

Deputat söyləyib ki, iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz, qeyri-neft sənayesində isə artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir”.

P. Kərimzadə vurğulayıb ki, ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb: “Bunun nəticəsində kənd təsərrüfatında rekord göstərici əldə edilib, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verib. Ticarət dövriyyəsində də ürəkaçan nailiyyətlər əldə edilib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə əhalisinin gəlirlərinin 6,6 faiz artması isə vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinin, firavan həyatının təminatına çevrilib”.