Sosial problemlərin ağırlaşdığı Ermənistanı etiraz dalğası bürüyüb

22 Avqust 2019 19:00 (UTC+04:00)

Bu gün dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan yürütdüyü siyasəti, eləcə də, cəmiyyətin durumu sübut edir ki, ölkəmizdə multikulturalizm dərin köklərə malikdir. Müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb və ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkana çevrilib.

Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, fərqli dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi, ölkəmizdə məscidin də, kilsənin də, sinaqoqun da olması mövcud ənənələrə söykənir. Belə bir dəyərlərə sahib olan, dünyaya sülh mesajı verən Azərbaycan dinindən-irqindən asılı olmayaraq hər kəsi qardaşlıq, dostluq yoluna dəvət edir, həmrəylik nümayiş etdirir. Amma təəssüflə də olsa, vurğulamalıyıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, torpaqlarımızın 20 faizinin işğal olunması inkişafın daha da sürətlənməsinə maneçilik törədir. Bu gün Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon təcavüzkar Ermənistanın işğalı altındadır. Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb. Bu günədək göstərilən beynəlxalq səylər, Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Münaqişənin nizama salınmaması, nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə mənbəyidir. Ermənistan isə, öz xarici havadarlarına güvənərək, münaqişənin sülh yolu ilə həllini uzadır. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edir.

"AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ DANIŞIQLAR PREDMETİ DEYİL VƏ OLMAYACAQ"

Bu gün dünyada inkişaf edən dövlətlər sırasında adı olan Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Prezident İlham Əliyevin birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik.

Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan iqtisadiyyatı artıq tamamilə tənəzzülə uğrayıb. İşğalçı ölkənin dövlət büdcəsinin gəlirləri də rekord həddə azalıb. 1998-ci ildən etibarən əhalinin həyat standartlarının azaldığını hökümət dairələri artıq etiraf edib. Ölkədə miqrasiya tempi də yüksəlib. BMT-nin ekspert qrupunun hesablamalarına görə isə, 2025-2030-cu illərədək Ermənistanda əhalinin sayının azalaraq, təqribən 1 milyon 500 min-2 milyon nəfər olacağı gözlənilir.

ERMƏNİSTAN DÖVLƏTİ CİDDİ TƏHLÜKƏ QARŞISINDADIR

Hazırkı hakimiyyətin səriştəsizliyi nəticəsində, ölkədə geniş yayılmış yoxsulluq və acınacaqlı sosial-iqtisadi durum rayon və kəndlərdə uşaqların məktəbə getmələrinə imkan vermir, çünki onların valideynləri məktəb ləvazimatları almaq iqtidarında deyillər. Bu səbəbdən, valideynlər məktəbdən uşaqların sənədlərini götürüb, onları pul qazanmağa və hətta dilənçiliyə belə göndərirlər. Bu müddət ərzində isə, ölkəni tərk edən əhali arasında təhsil alan şagirdlərin sayı da kəskil azalıb. Bəzi ümumtəhsil məktəbləri ləğv edilib. Ümumtəhsil müəssisələrinin bağlanması halları təkcə şəhərlərdə deyil, rayon və kəndlərdə də qeydə alınıb.

Təbii ki, hazırda xarici qrantlar, kreditlər və pul yardımı toplayan marafonlardan əldə edilmiş maliyyə vəsaitləri hesabına yaşamaq məcburiyyətində olan ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil.

Ermənistanın istər siyasi, istərsə də iqtisadi vəziyyəti günü-gündən pisləşir. Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulub. Bu cür vədlər verməklə, hakimiyyət Ermənistanın siyasi, iqtisadi, sosial, hərbi, təhsil, demoqrafik və digər sahələrində mövcud olan problemlərdən insanların diqqətini yayındırmaq və iqtidara qarşı mümkün etiraz aksiyalarının qarşısını almaq istəyir.

Bu gün Ermənistanda etirazların miqyası genişlənir. Sosial problemlərin getdikcə ağırlaşdığı Ermənistanda, etiraz dalğası davam edir. Ölkədə hər gün işsizlərin sayı artır. Aksiya iştirakçıları Paşinyan və onun komandasından xalqın incidilməsinə son qoymağı tələb ediblər. Bu günlərdə isə, daha bir etiraz aksiyası keçirilib. İşğalçı ölkənin şərqində yerləşən Cermuxda sakinlər yolları bağlayıblar. Cermuxda etiraz aksiyası keçirən əhali parlament qarşısında polis tərəfindən saxlanılnaların azadlığa buraxılmalarını tələb edib. Narazı kütlə bildirib ki, Ermənistanda mədən işlərinin fəaliyyəti ilə məşğul olan xarici şirkətlər ölkəni tərk etsinlər. Onların fikrincə, bu şirkətlərdə çalışanların hüquqları pozulur. Bundan başqa dağ-mədən ərazilərində aparılan iş zamanı partlayışların olması nəticəsində, yaşayış sahələrində yeraltı təkanlar baş verir. Bunun nəticəsində, əksər yaşayış yerlərində torpaq sürüşmələri qeydə alınıb. Etirazçılar bildiriblər ki, dəfələrlə problemlə bağlı rayon icra hakimiyyətinin başçısına şikayət olunsa da, məsələnin həll olunması üçün heç bir addım atılmayıb. Etirazçılar, eyni zamanda, məmur özbaşnalığından da narazılıq edirlər. Aksiya iştirakçıları ötən gün polisin parlament qarşısında etiraz edənlərə işgəncə verdiyini vurğulayırlar. Hətta onlar qadınlara belə vəhşilik etməkdən çəkinmirlər.

Yoxsul və səfil bir vəziyyətdə yaşayan Ermənstanda "Sibir qarayarası"nın yayılmasıda əhalinin vəziyyətini bir qədər də pisləşdirib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə Qeqarkunik rayonu Qexovit kəndinin iki sakini Martuni şəhərinin xəstəxanasına "Sibir qarayarası"nın dəri forması əlamətləri ilə müraciət edib. Müəyyən edilib ki, onlar bir neçə gün əvvəl, dana əti yeyiblər. Bundan sonra kəndin daha 6 sakinində bu xəstəliyin əlamətləri tapılıb. Onların hamısının dərisində "Sibir qarayarası" virusu törənib.

Epidemiyanın ətraf bölgələrə yayılmasının qarşısını almaq məqsədilə, kəndə göndərilən infeksion xəstəliklərin profilaktikası və müalicəsi mərkəzinin həkimləri müayinə zamanı daha beş nəfərin DNT-sində bu xəstəliyi törədən viruslar aşkar ediblər.

Amma hadisələrin gedişatı, bizə deməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasət Ermənistanın təkcə müstəqilliyinin itirilməsi ilə deyil, eyni zamanda, dövlətçiliyinin də ciddi təhlükə qarşısında qalması ilə nəticələnə bilər. Regional əməkdaşlığı inkişaf etdirmək və iqtisadiyyatı inkişaf etmiş qonşu ölkələrlə münasibətlər qurmaq əvəzinə, Ermənistan hakimiyyəti işğalçılıq fəaliyyətindən əl çəkmir.

Nəzakət ƏLƏDDİNQIZI