Masallıda Şəhidlər bulağı istifadəyə verilib

22 Avqust 2019 18:30 (UTC+04:00)

Avqustun 22-də Masallı rayonunun ucqar dağlıq ərazisində yerləşən Xanalion kəndində Şəhidlər bulağı istifadəyə verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qarabağ müharibəsində şəhid olmuş Nizami Bağışovun əmisi, iş adamı Hidayət İbadov şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində bulaq inşa etdirib.

Dağlıq ərazidən, 5 kilometr məsafədən çəkilən su xətti kənddə yaşayan 1294 nəfər əhalinin içməli su probleminin həllinə gözəl töhfədir.

Bununla bağlı keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.

Kənd sakinləri bulağın çəkilişində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.