Qadın voleybolçularmız Macarıstana yollanıb

21 Avqust 2019 18:54 (UTC+04:00)

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını başa vuraraq avqustun 21-də Macarıstana yola düşüb. Azərbaycan Voleybol Federasiyasından SİA-ya bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib.

Avropa çempionatının C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq. Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.