Yeddi universitetdə plan yerləri 100 faiz dolub

21 Avqust 2019 18:14 (UTC+04:00)

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 faiz, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində isə 80 faizdən çox dolub. SİA xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bu gün təqdim etdiyi statistik göstəricilərdə (II mərhələdən sonra) yer alıb.

Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70 faizdən çox dolub.

Xatırladaq ki, DİM 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də açıqlayıb.