Aztəminatlı ailələr özünüməşğulluq proqramına cəlb edilib Naxçıvanda

21 Avqust 2019 13:59 (UTC+04:00)

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublika rayonları üzrə, ümumilikdə, 22 aztəminatlı ailə müəyyənləşdirilib. 17 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan, 2 nəfərə yerşumlayan mini aqreqat, 1 nəfərə isə meyvə şirələri və turşuların hazırlanması üçün ləvazimatlar verilib. SİA xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb edilən ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.