Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq

20 Avqust 2019 17:31 (UTC+04:00)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə grant.az saytı yaradılacaq. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində dövlət qurumları tərəfindən QHT-lər üçün nəzərdə tutulan Qrant müsabiqələrinin keçirilməsi üçün Milli Standartlar hazırlanacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyi “Açıq hökumətin təşviqi sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması üzrə təşəbbüslər” layihəsinin icrasına başlayıb. İctimai birlikdən verilən məlumata görə, layihə vətəndaş cəmiyyəti təşkilatlarının Açıq hökumətin təşviqi sahəsində rolunun artırılması, QHT-lər üçün dövlət və beynəlxalq qurumlardan maliyyə mənbəyi əldə etmək üçün bərabər imkanların inkişaf etdirilməsi, VCT-lərin qərar qəbul etmə prosesində iştirakının gücləndirilməsi və Qrant Müsabiqələri üzrə Milli Standartların yaradılması istiqamətində təşəbbüslərin irəli sürülməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsindən bəhs edir. Layihənin məqsədi Açıq hökumətin təşviqi sahəsində VCT –lərin rolunun gücləndirillməsindən ibarədir.

Layihə çərçivəsində Dövlət qurumlarının və beynəlxalq təşkilatların elan etdiyi müsabiqələr və uyğun vakansiya ilə bağlı www.grant.az internet saytının yaradılması nəzərdə tutulub. Artıq saytın proqram təminatı yekunlaşmaq üzrədir. Eyni zamanda layihə çərçivəsində dövlət qurumları tərəfindən QHT-lərə təqdim olunan Qrant müsabiqələrinin keçirilməsi üçün Milli Standartların hazırlanması planlaşıdırlır. Bu məqsədlə müvafiq dövlət qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Yekun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumlar üçün müvafiq müsabiqə qaydalarının hazırlanması həyata keçiriləcək. Həmçinin layihə çərçivəsində Açıq hökumətin təşviqi mövzusunda və İctimai Şuraların fəaliyyətinin təbliğ olunması ilə bağlı reportajlar hazırlanaraq QHT TV-də yayımlanacaq.