Qubada dağlıq ərazidə baş verən yanğın lokallaşdırılıb

20 Avqust 2019 11:49 (UTC+04:00)

Quba rayonunun Zərqova bələdiyyəsi ərazisinə başlayan yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov SİA-nın bölgə müxbirinə bildirib ki, yanğın artıq lokallaşdırılıb. Təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Xanlar Heybətov qeyd edib ki, yanğının baş verdiyi ərazi çətin relyefli, dağlıq ərazi olduğundan yanğınsöndürən texnikaların köməyindən istifadə etmək mümkün deyil. Hava şəraitinin küləkli olması da yanğınsöndürənlərin işini çətinləşdirir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Bununla yanaşı, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri də yanğının söndürülməsində yaxından iştirak edirlər.