"Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir” AÇIQLAMA - ÖZƏL

19 Avqust 2019 10:59 (UTC+04:00)

“Pensiyaçıların, təqaüdçülərin sosial durumlarının, həyat şəraitlərinin yaxşılaşdırılması, onların pensiyalarının artırılması daim Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, xüsusilə, dövlət başçısı cənab İlham Əliyevin əsas prioritetlərindən olub, yeridilən siyasətin ana xətlərindən birini təşkil edib. Azərbaycan dövləti, ölkə və hökumət rəhbərliyi, ələlxüsus, ölkə prezidenti və onun ən yaxın, ən sadiq silahdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan insanlara daim xüsusi qayğı və diqqətlə yanaşıb. Elə bu qayğı və diqqətin, eyni zamanda, son bir ildə genişlənən, vüsət alan və hər bir sahəyə sirayət edən islahatlar prosesinin nəticəsidir ki, bu ilin cəmi bir neçə ayı ərzində pensiyaçıların, təqaüdçülərin pensiyaları iki dəfə artırılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, ölkə başçısının fevral ayında imzaladığı Fərmanla əmək pensiyaların minimum həddi 44 manat artırılaraq, 116 manatdan 160 manata, iyun ayında imzalanan növbəti Fərmanla isə 40 manat artırılaraq, 160 manatdan 200 manata qaldırılıb: “Bu, çox böyük və əhəmiyyətli bir addım, hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, baha bir əyani göstəricisidir”

Bugünlərdə Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi ilə bağlı imzaladığı Fərmanı xatırladan deputata söyləyib ki, sənədə əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur: “Həmçinin, təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

E. Səlimov qeyd edib ki, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar prosesi bundan sonra da davam edəcək.