“Bizim siyasətimiz sosialyönümlü siyasətdir”

16 Avqust 2019 16:25 (UTC+04:00)

Prezident İlham Əliyev: «Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq»

Bu günlərdə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə “Bizim siyasətimiz sosialyönümlü siyasətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdi ki, biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir.
Əlbəttə ki, əməkhaqlarının və pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır və qarşıdakı dövr üçün proqnozlar açıqlanır. “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatında növbəti dövrdə 3 faiz iqtisadi artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi artım tempinin bu il də daxil olmaqla gələcək illərdə qorunub saxlanacağından xəbər verir. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə ediləcəyi gözlənilir. O baxımdan, “Standard & Poor’s” tərəfindən yüksək iqtisadi artım tempinin proqnozlaşdırılması, birmənalı tərzdə, məhz Azərbaycanda aparılan islahatların iqtisadi artıma birbaşa təsirindən xəbər verir. Makroiqtisadi stabilliyin qorunub- saxlanılması, həm də Azərbaycan üçün ÜDM-də artım tempinin qorunub- saxlanılmasına, növbəti illərdə daha sürətli artımın əldə edilməsinə zəmin yaradır.
“Fitch” Beynəlxalq Reytinq Agentliyinin reytinqində Azərbaycanda sosial-siyasi stabilliyin uzunmüddətli dövrdə qorunub- saxlanacağı bildirilir. Bu təşkilat tərəfindən ölkəmizdə həm bu il iqtisadi artımın proqnozlaşdırılması, həm də Azərbaycanın valyuta ehtiyatlarının, məhz bu kontekstdən növbəti illərdə artımın proqnozlaşdırılması və xüsusən, «Cənub Qaz Dəhlizi», Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərən amillərdən hesab olunur. Qurumun hesabatı növbəti dövrlərdə ölkəmizdə stabilliyin qorunub- saxlanılmasından xəbər verir. Bu da, ölkəmizin kredit reytinqinə və bütövlükdə, ölkəmizin qeyri-neft sektoruna daha çox investisiya cəlb etməsinə zəmin yaradacaq.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə də, hər zaman önə çəkilir, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilir. Son 16 ildən artıq dövrdə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.”
Bu rəqəmi də açıqlamaq yerinə düşər ki, dövlət proqramlarının uğurlu icrası nəticəsində, son 16 ilə yaxın dövrdə iki milyona yaxın yeni iş yeri yaradılıb. “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq: “Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir. Sovet vaxtında yaradılmış infrastruktur o vaxtkı əhaliyə hesablanmışdı. İndi Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.”
Ölkə Prezidenti İlham Əliyev müharibədən, işğaldan əziyyət çəkən soydaşlarımıza diqqət və qayğının həyata keçirilən siyasətin əsas tərkib hissələrindən olduğunu bildirir. Son illərdə 100-ə yaxın qəsəbə salınıb, minlərlə köçkün evlərlə və mənzillərlə təmin edilib. Statistikaya əsasən, son 15 ildən artıq dövrdə, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq, məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq, 75 faizdən 12 faizə enib. Dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin 50 faiz artırılması ilə bağlı Sərəncamı da, bu diqqət və qayğının davamlığının göstəricisidir.
Dövlətimizin başçısı İlham Əliyevin təkcə iyun ayında əhalinin rifahının yüksəldilməsi məqsədilə təsdiqlədiyi sosial paketdə əksini tapan 17 Sərəncam ölkədə ayrı-ayrı sahələrdə çalışan insanların sosial rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, bu məqama işıq saldı ki, əhalinin yüksək rifahı prioritetdir. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə minimum əməkhaqqının məbləği 40 faiz artırılaraq, 250 manata çatdırılıb. Minimum pensiyaların da məbləği artırıldı. Dövlətimizin başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqlədi. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur..
Göründüyü kimi, Prezident İlham Əliyev hər addımında hər kəsin Prezidenti olduğunu, hər bir vətəndaşının yanında olduğunu təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin ilk günlərindən bu hədəfi açıqlamışdı ki, 2019-cu il sosial islahatlar ili olacaq. Bu məqsəd isə, yeni iş yerlərinin açılmasında, əməkhaqqı və pensiyaların artırılmasında, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxışlaşdırılması yönümündə tədbirlərin görülməsində, ən əsası, kiçik və orta sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulunda və uğurlu icrasında özünü daha aydın göstərir.

«Səs» Analitik Qrupu