"Paşinyanın bəyanatları Ermənistandakı siyasi elitanı biabırçı vəziyyətə salıb” MÖVQE-ÖZƏL

16 Avqust 2019 11:38 (UTC+04:00)

“Ermənistanda təkcə Zohrab Mnatsakanyan deyil, artıq bir neçə məmur Nikol Paşinyanın qeyri-konstruktiv bəyanatlarından bezib. Çünki onun bir-birinə uyğun gəlməyən bəyanatları bütün siyasi elitanı biabırçı vəziyyətə salıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Paşinyanın Xankəndidə verdiyi bəyanatının ermənilər arasında birmənalı qarşılanmadığını deyən siyasi şərhçi söyləyib ki, bu mövqe həm də separatçılara vurulan bir zərbədir: “Çünki, onlar ”müstəqillik" arzusu ilə yaşadıqları bir vaxtda, “qeyri-legitim” adlandırıldılar və bir qurum olmadıqlarını eşitdilər”.

A.Nağıyev vurğulayıb ki, istər Paşinyanın Xankəndində söylədiyi, istərsə də XİN başçısı Zohrab Mnatsakanyanın sərsəm bəyanatlarına Bakıdan sərt cavab verilsə də, ümumilikdə bu bəyanatlardan sonra ikitərəfli görüşlərin keçirilməsi artıq sual altına düşür: “Fikrimcə, bu ərəfədə belə bəyanatların verilməsi düşünülmüş siyasi gedişdir. Lakin avqust ayının 5-də Paşinyanın Xankəndində səsləndirdiyi sərsəm bəyanatları, eləcə də XİN başçısının həmin fikirləri təsdiqləsə də ATƏT-in Minsk qrupu məsələyə heç bir münasibət bildirmir. Həmsədər dövlətlər susmaqla kifayətlənirlər. Belə olan halda, hesab edirəm ki, konstruktiv addımların atılmasının vaxtı çatıb”.