Əhalinin həyat səviyyəsini yüksəltmək dövlət siyasətinin prioritetlərindəndir

14 Avqust 2019 15:58 (UTC+04:00)

Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına və əhatə dairəsinə görə inqilabi qərarlardır

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək dövlətin siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin bu ilin 6 ayı ərzində böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Heç şübhəsiz, düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticələri Prezident İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür.
İyulun 31-də dövlət başçısının yanında keçirilən sosial-iqtisadi müşavirədə aparılan müzakirələr və səslənən fikirlər, bir daha göstərdi ki, ölkəmizdə inkişaf kompleks xarakter daşımaqla, bütün sahələri əhatə edir. İqtisadiyyatda, kənd təsərrüfatında, ticarət dövriyyəsində, büdcə daxilolmalarında və s. istiqamətlərdə göstəricilərdə ciddi artımlar iqtisadi siyasətin düzgün və uğurla həyata keçirildiyinə dəlalət edir. Xüsusilə, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım bu gün öz bəhrəsini verməkdədir. Məhz bu gerçəkliyin özü xalqın dövlətə olan etimadına, o cümlədən, dövlətin xalqa arxalanması amilinə çox böyük stimul verir.
Uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla, insanların sosial-iqtisadi rifahının daha da yüksəldilməsinə və kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu da, bir daha göstərir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili və sosial rifahın yüksəldilməsi dayanır. Hələ 2018-ci ilin sonlarında qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsinin prioritet təşkil edəcəyini bəyan edən ölkə başçısı İlham Əliyev hər zamankı kimi sözünə və əməlinə sadiqliyini nümayiş etdirdi.
Prezidentin iki böyük sosial islahat paketi xalq tərəfindən çox yüksək dəyərləndirildi. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasını təmin etdi və mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönləndirildi. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanıb və sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq, 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub. Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə, 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,3 milyard manatın sərf olunmasını nəzərdə tutur.
Sosial sahə üzrə görülən işlər, bir tərəfdən, Azərbaycan dövlətinin gücünü, digər tərəfdən isə, Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini və reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artdığından, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə, MDB-də birinci olacaq. Minimal əməkhaqqının 250 manata çatdırılmasından sonra isə, Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşacaqdır. Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artıq tələbəni, ümumilikdə, 1,3 milyon insanı əhatə etmişdir. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə, bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edir.
Son 3 ayda elə bir sahə yoxdur ki, maaşlarda, sosial müavinətlərdə və təqaüdlərdə artımlar edilməsin. Əlavə edək ki, dövlət başçısının digər təşəbbüsü sosial sığorta sahəsində böyük irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya, hətta cüzi məbləğ ödəyənlərə belə, 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində, yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan, 13 min nəfərə pensiya təyin olunub.
Prezident İlham Əliyev, bununla da qənaətlənməyərək, məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini tələb edib. Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində, 10 min ailənin əhatə olunması nəzərdə tutulub.
Bir sözlə, bu günün mənzərəsi, onu deməyə əsas verir ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq və 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək.

«Səs» Analitik Qrupu