Baş nazir “Azad Kəşmir”in paytaxtına səfər edəcək

14 Avqust 2019 14:03 (UTC+04:00)

Pakistanın Baş naziri İmran Xan bu gün “Azad Kəşmir”in paytaxtı Müzəffərabada səfər edəcək. SİA xəbər verir ki, bu barədə The Economic Times qəzeti Baş nazirin dəftərxanasına istinadla məlumat yayıb. İmran Xan Müzəffərabadda Hindistanın Cammu və Kəşmir Ştatının xüsusi statusunu ləğv edtməsi ilə bağlı yerli qanunverici məclisdə çıxış edəcək. “İmran Xan Pakistan Günü milli bayramını öz kabinetinin üzvlərinin müşayiəti ilə “Azad Kəşmir”in (regionun Pakistana aid hissəsi belə adlanır ) inzibati mərkəzi olan Müzəffərabad şəhərində qeyd edəcək. Onun, həmçinin ümumpartiya konfransına qatılacağı və Kəşmirin siyasi partiyalarının liderləri ilə görüşəcəyi gözlənilir”, - məlumatda belə deyilir.

Xatırladaq ki, Hindistanın Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri aşağı səviyyəyə endirib, onunla ikitərəfli ticarəti dayandırıb və bu ölkə ilə digər sazişlərə yenidən baxılacağını elan edib.