Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır

14 Avqust 2019 02:42 (UTC+04:00)

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır.

SİA-nın Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ-dan gələn 6 nəfərlik nümayəndə heyətinin də cəlb olunduğu Şanlıurfada yaradılacaq Müştərək Hərəkat Mərkəzinin infrastrukturunun qurulmasına başlanıb və Mərkəzin tez zamanda fəaliyyətə başlaması üçün işlər tam sürətlə davam edir.

Xatırladaq ki, 5-7 avqustda Türkiyə və ABŞ-dan olan hərbçilər Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçiriblər.

Keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə razılıq əldə olunub.