İran rəsmisi: "İngiltərə İranın tankerini tezliklə sərbəst buraxacaq"

13 Avqust 2019 22:59 (UTC+04:00)

İngiltərə İranın tankerini tezliklə sərbəst buraxacaq.

SİA "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının direktor müavini Cəlil Eslami mətbuat konfransında deyib.

“Britaniyalı rəsmilər problemin həllində istəkli olduqlarını bəyan ediblər”, deyə Eslami qeyd edib.

İran rəsmisi əlavə edib ki, problemin həlli ilə bağlı sənədlər artıq İran və Britaniya arasında mübadilə olunub: "Tanker tezliklə sərbəst buraxılacaq və İran bayrağı altında üzəcək".

Qeyd edək ki, iyulun 4-də İran bayrağı altında üzən “Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin köməyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib.

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.