"Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var".
SİA-nın məlumatına görə, bunları Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.
Doll söyləyib ki, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: "Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Əlimizdəki futbolçularla nəsə etməyə çalışacağıq. Emosional adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm. İlk matça baxmışam. Bəzi məqamları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ" Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.