110 kq yararsız ət aşkarlandı

12 Avqust 2019 14:35 (UTC+04:00)

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 11-də DİN əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

Şəhər sakini V.Manafovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 110 kiloqram iribuynuzlu mal əti aşkar edilərək götürülüb. Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.