Dəli Domrullar Göy Göldə və...

7 Avqust 2019 16:53 (UTC+04:00)

Yəqin ki, çoxlarımız "Dədə Qorqud" dastanının qəhrəmanlarından biri olan Dəli Domrulun əlləm-qəlləm əməllərindən, ağlına deyil, daha çox qolunun gücünə arxalanıb, insanlarla zor dilində danışması haqda oxumusunuz. Bilməyənlər üçün xatırladım ki, "Dədə Qorqud" dastanının 12 boyundan birinin əsas qəhrəmanlarından olan Dəli Domrul çay üzərində körpü qurur, amacı da körpünün üzərindən keçən insanlardan pul almaq olur. Ancaq rüsum həddindən artıq baha olduğu üçün insanlar körpüdən istifadə etməkdən imtina edirlər. Dəli Domrul da bu müqaviməti qəbul etməyib, insanlarla cəngə çıxır. Beləliklə, körpüdən keçməyib, çayı adlayan insanları qarşı tərəfdə haqlayıb, döyür, sonra da onlardan ikiqat rüsum alır. Yəni körpüdən keçənlər təqribən 1 dinar rüsum ödəyirlərsə, körpüdən istifadə etməyib çayı keçənlər, döyülməklə yanaşı, 2 dinar rüsum ödəməli olurlar. Çox təəssüflər olsun ki, kosmos əsri olmasına baxmayaraq, bu gün də, Dəli Domrullar öz ağıllarına deyil, daha çox qollarının gücünə və pul-paralarına arxalanmaqla meydan sulayırlar. Müxtəlif tarixi abidələrə ziyaratə gedəndə, meşələrə, çaylara istirahətə üz tutanda, bu hallarla rastlaşmalı olursan. Elə götürək Göy Göl Milli Parkında baş verənləri. Burada turistlərə qarşı göstərilən anormal münasibət, qiymətlərin həddindən artıq baha olması təəssüf doğurmaqla yanaşı, mühafizəçilərin qaba hərəkətləri insanda narahatlıq yaradır. Ulu Tanrının bu millətə bəxş etdiyi sərvəti - Göy Gölü çəpərə alanlar, giriş qapısında görünüşcə və davranışca heç də Dəli Domruldan geri qalmayan muhafizəçilər təyin ediblər. Bu mühafizəçilər də "burda mənəm, Bağdadda kor xəlifə" deyib çatana çatır, çatmayana bir daş atırlar. Kasıb-imkansız bilmədən, hər kəsdən Göy Gölə baxmaq üçün 2 manat, avtomobillərin dayanacaqda saxlanması üçün isə 1 manat tələb edirlər. Olsun, bəlkə də buna göz yummaq olar. Nədən ki, Milli Parkın ərazisini abadlaşdırmaq və ya təmizliyi saxlamaq üçün maliyyə vəsaitinə ehtiyac var. Ancaq reallıq budur ki, dövlətimiz Milli Parkın ərazisinin təmizliyinə və işçilərinin aylıq maaşla təmin olunmasına hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayırır. Digər tərəfdən, qoruğun ərazisində çoxsaylı restoran, kafe, mehmanxanalar var. Təbii ki, həmin iaşə müəssisələrindən yığılan icarə haqları hesabına Göy Gölün ərazisində təmizliyə və digər qulluq vasitələrinə nail olmaq olar. Düzdür, qiymətlər həddindən artıq baha olduğu üçün restoranlarda çörək yeyənlərin və çay içənlərin sayı azdır. Deyək ki, Kürdəmirdə və ya Şamaxının şəhər mərkəzində 50 qəpiqə olan bir çaynik çay, Göy Göl çayxanasında 5 manatdır. Yəni özbaşnalıqdır, kim necə istəyib, o cür də qiymət tətbiq edib. Maraq üçün söhbət etdiyim mühafizə dəstəsinin başçısı Atayev soyadlı birisi hikkə və əda ilə bildirdi ki, "rüsumu yuxarılar tətbiq edib və biz də qaydalara riayət edirik". Qısası, bu baş mühafizəçi bütün bəlaların bir növ Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldiyinə işarə vurdu. Təbii ki, mühafizəçi buyuruq quludur. Ağa deyir sür dərəyə, o da sağına-soluna baxmadan, ağanın dediyini edir. Amma vicdan məsələsi də var. Yaşlı, imkansız, kasıb qadın və ya kişi, adı dillər əzbəri olan Göy Gölə baxmağa gəlirsə ona mütləq şərait və imkan yaradılmalıdır. Elə gözümüzün qarşısında bir türk ailəsi və İmişlidən gələn bir ailə girişin pullu olması səbəbindən, Göy Gölü seyr etmədən, geri qayıtmalı oldular. Diqqətçəkən məqam ondan ibarətdir ki, gün ərzində Göy Göl Milli Parkına 12-15 min nəfər insan gəlir. Buraya 5-6 min avtomobil də əlavə etsək, deməli, gün ərzində 35-40 min manat qoruq ərazisinə girişə görə pul qazanırlar. Bunu da 30 günə vursaq, kifayət qədər ciddi rəqəm alınır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə fərqli şeylər və rəqəmlər açıqlayır!
Hərdən deyirəm ki, Azərbaycanın hər bir guşəsində dumduru bulaqlar, göz oxşayan meşələr, dağlar, axar çaylar, təmiz göllərimiz var, əgər kimlərsə bu çayları, meşələri və gölləri çəpərləyib, Dəli Domrulluq etsələr, bizim axırımız hara gedib çıxar? Elə götürək, bizim kəndin yaxınlığındakı Ahu dağını. Deyilənə görə, bir zamanlar Şirvanşah İbrahim öz vəzir-vəkili ilə bu dağın ətəyinə quş quşlayıb, ov ovlamağa gəlirmiş. Hərdən də, kəndin yaxınlığındakı gölə enib, balıq tuturmuş. Müəmmalı məsələlər fonunda yanaşsaq, bizim kəndin də hansısa bir Dəli Domrulu peyda olub, bölgə kəndlərinin simvoluna çevrilən Ahu dağını çəpərləyə və ya Şirvanşah İbrahimin balıq tutduğu gölə əl qoya bilər. Sonrada car çəkə ki, dağa ov ovlamağa gələnlər və göldə balıq tutmaq istəyənlər, müəyyən məbləğdə pul ödəməlidirlər. Bildiyim qədər Kürdəmirdə, İsmayıllıda, Qubada, Qusarda, Lənkəranda, Şəkidə, Qaxda, Culfada, Ordubadda və digər bölgələrdə də axar çaylar, füsunkar meşələr, uca dağlar, qədim tarixə malik abidələr və ziyarətgahlar mövcuddur. Deməli, hər kəs Göy Gölü mühasirəyə alıb rüsum tətbiq edən səlahiyyət sahibləri kimi, bu yerləri çəpərləyib müəyyən məbləğdə pul tələb etməlidir? Vallahi-billahi, utancverici haldı. Müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilir: "Ey insanlar. Mən yeri və göyü sizin üçün yaratdım". Yəni bununla Ulu Tanrı gözlə görünən və insanlara xeyir, mənfəət, ruzi və bərəkət gətirə biləcək hər şeyin insanlara aid olduğunu bildirir. Ancaq biz insanlar pul qazanmaq, qaz vurub - qazan doldurmaq üçün fərqli mövqe ortaya qoyuruq. Nə yaxşı ki, humanistliyi və xeyirxahlığı ilə seçilən Prezidentimiz var. Yaxşı ki, Prezidentimizin xeyirli və gərəkli fəaliyyətini qəlbən dəyərləndirib, nəcib işlər görən Mehriban xanım Əliyeva, Leyla xanım Əliyeva kimi ictimai-siyasi xadimlərimiz var. Fikir verin, pullu-paralı, qolu zorlu Dəli Domrullar Xəzər dənizini çəpərləyib, villalar tikdirir, istirahət mərkəzləri yaradır, insanların dəniz sahilində istirahət etmək istəklərinə məhdudiyyətlər qoyurlar. Ancaq Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla xanım Əliyeva Xəzər dənizi sahillərində insanların rahat və təhlükəsiz istirahətləri üçün hər cür şəraiti olan ictimai çimərliklərin yaradılmasına start verib. Daha doğrusu, artıq Şıxov ərazisində insanların ürəyincə olan sakit və rahat istirahət üçün ictimai çimərlik yaradılıb. Bu xeyirxah və humanist addımdan nümunə götürün, ağalar...

İ.ƏLİYEV