Finlandiya müdafiə sənayesi məhsullarının ixracını artırır

24 İyul 2019 06:59 (UTC+04:00)

Finlandiya müdafiə sənayesi məhsullarının ixracını artırır.

SİA Finlandiya Müdafiə Nazirliyinin yaydığı mətbuat üçün məlumata istinadla xəbər verir ki, 2018-ci ildə ölkənin müdafiə sənayesi məhsullarının ixracı 128 milyon avro təşkil edib ki, bu da bir il əvvəlkindən 17 faiz çoxdur.

Finlandiyanın daha çox müdafiə texnikası ixrac etdiyi ilk üç ölkə Polşa, Türkiyə və İsveçdir. Oman, Fransa, Estoniya, İsveçrə, Böyük Britaniya, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də Finlandiyadan hərbi təchizat alan ölkələr sırasındadırlar.

Qeyd edək ki, Finlandiya Müdafiə Nazirliyi ötən ilin noyabrında elan edib ki, Səudiyyə Ərəbistanına və ya Birləşmiş Ərəb Əmirliklərinə silah ixracına icazəni daha yeniləməyəcək. Nazirlik Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə hərbi münaqişədə iştirak etməsini, bu ölkədə təhlükəli humanitar böhranın yarandığını əsas gətirib. Lakin nazirliyin məlumatına görə, icazənin ləğv olunmasından əvvəl Finlandiya 2018-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə 9,7 milyon avroluq hərbi texnika ixrac edib. Finlandiyanın ixrac etdiyi əsas hərbi avadanlıq sərrast atəş açan tüfəng və aksesuarlardan, zirehli polad detallardan, habelə zirehli maşınlardan və onlar üçün komponentlərdən ibarətdir. Nazirliyin məlumatına görə, satış üçün ən dəyərli icazələr Türkiyə, BƏƏ və Fransaya verilib.

Qeyd edək ki, Finlandiya 175,5 milyon avroluq müdafiə sənayesi məhsulunun ixracına 257 yeni icazə verib. İcazələrin çoxu Avropa ölkələrinə verilib. Bütün ixracın 67 faizi onların payına düşür.