Elmir Əliyev və Xasay Həsənli EYOF-un qalibi olub

23 İyul 2019 17:31 (UTC+04:00)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə daha iki qızıl medal qazanılıb. SİA-nın məlumatına görə gənc klassiklərin 51 kq çəki dərəcəsində mübarizəsi Azərbaycan pəhləvanı Elmir Əliyevin çempionluğu ilə nəticələnib.

Norveçli Kristoffer Andreseni, rumıniyalı Romania Nihaini və gürcüstanlı Nukri Benidzeni məğlubiyyətə uğradan Elmir Əliyev həlledici qarşılaşmada Ukrayna idmançısı Sanya Yakovlevə də heç bir şans verməyib. Bununla da Azərbaycan komandası Festivalda hesabına 5-ci qızıl medalı yazdırıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında yunan-Roma güləşi üzrə yarışlarda 65 kiloqram çəki dərəcəsində mübarizəyə də yekun vurulub.

Bu çəkidə finalda Xasay Həsənli (Azərbaycan) və Deni Nakayev (Almaniya) üz-üzə gəliblər. Həlledici qarşılaşmaya kimi yunanıstanlı Fotios Bukisə, finlandiyalı Kasperi Kauhanenə, isveçrəli David Loherə və ukraynalı Marian Holubovskiyə qalib gələn Azərbaycan güləşçisi almaniyalı rəqibi ilə mübarizədə hesabda geri düşdə də, əzmkarlıq nümayiş etdirib və sona 17 saniyə qalmış hesabına 2 xal yazmaqla məqsədinə çatıb. Beləliklə, Xasay Həsənlinin zəfəri ilə Azərbaycan komandası 6-cı çempionluğunu rəsmiləşdirib.