Əli Əhmədov Çinin nümayəndə heyəti ilə görüşüb TƏDBİR-VİDEO-FOTOLAR

23 İyul 2019 17:15 (UTC+04:00)

Bu gün Azərbaycan Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın qərargahında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.

Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: "Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək".

Ə.Əhmədov bildirib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ə.Əhmədova səmimi qəbula görə təşəkkürünü bildirib.

S.Tao deyib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur: "Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial-iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm".