Naxçıvanda yeni yaradılmış buğda sortlarına baxış keçirilib

23 İyul 2019 15:38 (UTC+04:00)

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sevda Hacıyeva Naxçıvan Muxtar Respublikasında Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyində səfərdə olub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, səfər çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yaradılmış buğda sortları və sabitləşmiş hibrid xətlərinə baxış keçirilib. Bildirilib ki, təcrübə sahəsində aqrotexniki qulluq işləri vaxtında həyata keçirilib, sələf tərəvəz bitkiləri olmaqla, səpinqabağı hektara 15 ton üzvi gübrə, 100 kiloqram fiziki çəkidə amofoska, bitkilərin kollanma fazasında hektara təsiredici maddə hesabı ilə 90 kiloqram azot gübrəsi (NH4NO3) verilib. Vegetasiya müddətində nümunələr 3 dəfə suvarılıb.

Qeyd olunub ki, ərazidə olan torpaqlar qida maddələri ilə zəif və orta dərəcədə təmin olunsa da, aparılan düzgün aqrotexniki tədbirlərin nəticəsi olaraq təsərrüfatda “Fatimə” sortundan 45 s/ha, “Qobustan” sortundan isə 33 s/ha məhsul əldə edilib. Ayrı-ayrı fermer təsərrüfatlarında “Qobustan” sortundan orta hesabla 32 s/ha məhsul götürülüb. Bundan əlavə, təsərrüfatda “Cümhuriyyət-100”, “Səba-2”, “Əsəd-80”, “Dəyirman”, “Xırman”, “Barış”, “Mətin”, “Onur” və s. buğda sortlarının da sınağı aparılır.

Eyni zamanda, sabitləşmiş hibrid xətlərdə seçmə aparılıb və bölgə üçün uyğun materiallar seçilib. Boyu 40 santimetr olan “Əzəmətli-95” (Azərbaycan) və TSXA PUAN (Dərbənd) hibridindən alınmış cırtdanboylu sabit xətdən seleksiya işlərində alçaqboylu sortların yaradılması üçün ilkin material kimi istifadə edilməsi tövsiyə edilib.

Naxçıvan Muxtar Respublikasında Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyindən verilən məlumatlara əsasən, nümunələr sarı və qonur pas xəstəliklərinə davamlı olub, 1-3 bal səviyyəsində unlu şeh xəstəlikləri ilə sirayətlənib. Seleksiya təcrübələrində ən çox sirayətlənmə bərk sürmə xəstəliyi ilə olub, sabitləşmiş hibrid xətlər kompleks xəstəliklərə davamlılıq göstərib. Geniş əkin sahələrində əkilmiş sortların toxumları bu xəstəliyə qarşı dərmanlandığı üçün sirayətlənmə qeydə alınmayıb.

Bölgə üçün seçilmiş sabitləşmiş hibrid xətlərdə məhsuldarlıq 60-65 s/ha olub.