YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20 İyul 2019 14:38 (UTC+04:00)

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı üzvlərinin sayı 152 ilk partiya təşkilatı üzrə 18 min 253 nəfərə çatıb ki, bunlardan 9 min 651-i qadın, 11 min 332-si isə 18-35 yaşlı gənclərdir. SİA xəbər verir ki, bu faktlar YAP Naxçıvan şəhər təşkilatının şura iclasında səsləndirilib.

İclasda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.

Bildirilib ki, 27 il əvvəl Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib, ötən müddətdə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu ilə irəliləyib. Partiyanın Naxçıvan Şəhər Təşkilatı da öz fəaliyyətini YAP-ın qurultayları, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, günün tələblərinə uyğun fəaliyyət göstərib.

“Ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı elmi-praktik konfranslar və digər kütləvi tədbirlər keçirilib. 2019-cu ilin 6 ayı ərzində 499 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub ki, bunların da 491-ni 18-35 yaşlı gənclər, 251-ni qadınlar təşkil edir”, – deyən Elman Cəfərli vurğulayıb ki, üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Həmçinin təşkilatda 2 akademik, AMEA-nın 6 müxbir üzvü, 26 elmlər doktoru, 162 fəlsəfə doktoru təmsil olunub.

Məruzə ətrafında YAP Naxçıvan şəhər təşkilatı şurasının üzvü, ilk təşkilat sədri Tural Haqverdiyev, Naxçıvan Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyeva çıxış ediblər.

YAP Naxçıvan şəhər təşkilatı şurasının üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək 2019-cu ilin birinci yarısında Naxçıvan şəhərində həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb. Çıxışda muxtar respublika paytaxtının sosial-iqtisadi inkişaf göstəriciləri diqqətə çatdırılıb. Qeyd olunub ki, Naxçıvan şəhəri müasirliklə qədimliyin, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi tanınıb, özünün abadlığı, təmizliyi və gözəlliyi ilə sakinlərin qürur yerinə çevrilib, turistlərin və qonaqların zövqünü oxşayıb. Həyata keçirilən quruculuq işlərində YAP üzvləri fəal iştirak ediblər.

Şura iclasında çıxış edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, partiyanın Naxçıvan şəhər təşkilatının siyasi potensialı, yeri və rolu daim fərqlənib. Bu gün şəhər təşkilatının, bütövlükdə, muxtar respublika təşkilatının üçdəbirini təşkil etməsi də bir göstəricidir. Ona görə təşkilatın fəaliyyətinin təhlili, cari ilin birinci yarısında həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsində işin keyfiyyət parametrlərinin daha diqqətlə nəzərə alınması təbiidir.

İcra katibi bildirib ki, 2019-cu ilin ikinci yarısında da YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun təsdiq etdiyi İş Planındakı tədbirlər yerinə yetirilməli, gənclərlə iş, ərazi təşkilatları ilə əlaqələr möhkəmləndirilməli, şəhərin sosial-ictimai həyatında partiya üzvlərinin fəal iştirakı diqqətdə saxlanılmalıdır.

İclasın sonunda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.