"Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə daha dinamik hal alır" ÖZƏL-MÜNASİBƏT

20 İyul 2019 11:35 (UTC+04:00)

"Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin etmək üçün uğurlu siyasət həyata keçirir". Bu fikri SİA-ya Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan iqtisadi sahədə yeni hədəflərə doğru irəliləyir. Onun sözlərinə görə, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir. "Azərbaycanın iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə daha dinamik hal alır. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafında mühüm amildir" - deyə, C.Osmanov vurğulayıb.