Şəmkir rayonunda fəallıq göstərən könüllülər işlə təmin olunublar FOTOLAR

20 İyul 2019 09:09 (UTC+04:00)

Şəmkir rayonu üzrə təcrübə keçən könüllülərlə görüş keçirilib. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Alimpaşa Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq baxımından çox önəmli və vacib vəzifələr müəyyənləşdirib. İcra başçısı peşə vərdişlərini inkişaf etdirmək baxımından ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsinin dövlətimizin başçısının gənclər üçün yaratdığı böyük bir fürsət, gələcəkləri üçün uğurlu bir başlanğıc olduğunu vurğulayıb.

Alimpaşa Məmmədov sonda könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Görüşdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova da ölkəmizdə könüllülük hərəkatının mahiyyətindən, tarixindən, onun cəmiyyətdə xüsusiyyətlərindən danışıb, eləcə də könüllülər və Azərbaycanın gənclər siyasəti haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə könüllülük sahəsində inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Ümummilli Liderimizin cəmiyyətdə könüllülük həyəkatının genişləndirilməsi, vətəndaş məsuliyyətinin yüksəldilməsi məsələlərinə daim böyük əhəmiyyət verdiyini deyən millət vəkili qeyd edib ki, hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. O, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini vurğulayıb. Millət vəkili xüsusilə ölkəmizin ev sahibliyi ilə keçirilən mühüm beynəlxalq forum və konfranslar, mühüm əhəmiyyətə malik idman yarışları, birinci Avropa oyunları, İslam Həmrəyliyi oyunları, Dünya və Avropa çempionatları zamanı könüllülərimizin yüksək fəallıq göstərdiklərini, onların fədakar fəaliyyətinin yüksək səviyyədə qiymətləndirildiyini xatırladıb. Sahibə Qafarova həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar təşəbbüslərə də toxunub və bu layihələrin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də reallaşdırıldığını bildirib.

Çıxışının sonunda Milli Məclisin deputatı S. Qafarova bu gün Şəmkirdə 22 könüllüdən 7 nəfərinin işlə təmin olunmasını yüksək qiymətləndirərək rayonda da könüllülük hərəkatının genişlənməsini təqdir edib.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək öyrəndikləri işlər haqqında ətraflı məlumat verib, onlar üçün belə gözəl şəraitin yaradılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətində və rayon ərazisində olan digər təşkilatlarda təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Şəmkir rayonu üzrə iki ay müddətinə könüllülük proqramına cəlb edilmiş 22 nəfərdən 7 nəfəri proqramın sonunda işlə təmin olunublar.