Fransa XİN: "Fransa Ermənistan və Azərbaycan arasında dialoqun yaradılmasını dəstəkləyir"

19 İyul 2019 20:22 (UTC+04:00)

"Fransa Ermənistan və Azərbaycan arasında dialoqun yaradılmasını dəstəkləməkdə davam edəcək". "Report"un yerli bürosu xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Manselin məktubuna cavab olaraq bildirib.

XİN başçısı rəsmi Parisin Xocalı soyqırımı ilə bağlı mövqeyinə də toxunub: “Fransa Xocalı da daxil olmaqla, tarixdəki faciələrini unutmayaraq yaddaşlardan silinməməsi, eyni zamanda Ermənistan və Azərbaycan arasında dialoqun yaradılması naminə bütün fəaliyyətləri dəstəkləməkdə davam edəcək. Bu tələbkar dialoqu cəsarət və ağılla həvəsləndirməklə biz ədalətli və davamlı sülhün bərpa olunmasına nail olacağıq".

Qeyd edək ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Mansel prezident Emmanuel Makrona yazdığı məktubda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirmiş və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına diqqət ayırmağı tövsiyə etmişdi. E.Makron isə məktubu cavablandırmaq üçün onu xarici işlər naziri Jan-İv Lö Driana göndərmişdi.