“Mediaya qayğı dövlət-mətbuat-ictimaiyyət arasında bağlılığı daha da möhkəmləndirir” RƏY-ÖZƏL

19 İyul 2019 16:08 (UTC+04:00)

“Klassik ənənələri müasir tələblərlə uzlaşdırmağı bacaran Azərbaycan mətbuatı 144 illik həyatını xalqın rifahının yaxşılaşmasına, vətənin müstəqilliyinə qovuşmasına, dövlətçilik sevgisinin dərinləşməsinə həsr edib”. Bu fikirləri SİA-ya açıqlamasında Jurnalsit Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu bildirib.

Ölkənin inkişafında mətbuatın əvəssiz xidmətlərindən söz açan JEM sədri qeyd edib ki, jurnalist fərdlərdən başlayaraq, media qurumlarına qədər Kütləvi İnformasiya Vasitələrinin (KİV) təmsilçilərinin missiyası azad sözə xidmət etməkdir: “Bu amal demokratik prinsiplərə əsaslanan cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Əslində Azərbaycan jurnalistləri təkcə müstəqil mətbautın yaranması günündə deyil, yazıları ilə oxucuları riqqətə gətirdikləri bütün anlarda təbrik qazanmış olurlar. Jurnalist üçün oxucu münasibəti əsasdır. Oxucu isə mətbuatdan həqiqət gözləyir. Müasir media oxucunun gözləntilərinə müsbət mənada cavab verməyi bacarır. KİV-ə dövlətin hərtərəfli dəstək göstərməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, redaksiyaların texniki bazasının müasir standartlara uyğunlaşdırılması, çap və elektron mediaya göstərilən qayğı dövlət-mətbuat-ictimaiyyət arasında bağlılığı daha da möhkəmləndirir”.

C.Musaoğlu onu da vurğulayıb ki, 22 iyul Milli Mətbuat Gününü dahi mütəfəkkirlərimiz yaradıb, yaşaması və təşəkkül tapmasında müstəqil dövlətimizin böyük rolu olub: “Jurnalistika dövlətçilik prinsiplərinə əsaslanacağı təqdirdə büdrəmədən irəliləyə bilər. Bu məqsədlə yaşayan ölkə jurnalistikasına daha böyük uğurlar arzulayıram”.