Dağıdıcı müxalifəti üçün dar bir baxış var

19 İyul 2019 14:24 (UTC+04:00)

Sərdar Cəlaloğlu təmsil olunduğu düşərgəni ittiham etdi

Son vaxtlar ənənəvi müxalifət düşərgəsində total şəkildə böhranın baş qaldırması partiya daxilində qarşıdurmalara və istefalara gətirib çıxarmaqdadır. Ümumiyyətlə, bütün seçkilərdən sonra reallıq onu göstərir ki, düşərgə "liderləri" bir müddət "demokratik düşüncələri"ni partiyadaşlarına izhar edəndən sonra çəkilib kənarda duraraq, məğlubiyyətlərinin acısını yaşamağa başlayırlar.
ADP sədri Sərdar Cəlaloğlu müxalifəti "cəmiyyətin güzgüsü" adlandırsa da, əslində, bu "güzgü"nün qırılaraq, çilik-çilik olduğunu bildirib. Burada isə, əsas səhvin, bilavasitə partiya sədrlərin də olduğu qeyd olunur. "Bu gün Azərbaycanda aparılan islahatlara münasibət bildirməzdən öncə, müxalifətin düşdüyü vəziyyətə baxmaq lazımdır" deyən ADP sədrinə görə, müxalifətin getdikcə zəifləməsi faktı daxildən araşdırılmalıdır.
S.Cəlaloğlu açıqlamasında, onu da bildirib ki, müxalifət partiyaları düşdükləri böhranın qarşısını almaq üçün heç bir addım ata bilməzlər. "Hazırkı süstlük bir total böhrandır" deyə qeyd edən müxalifətçi partiya sədri də digər müxalif "liderlər" kimi onlara dəstək verməyən xalqı ittiham etsə də, digər tərəfdən, əsas günahın özlərində olduğunu da etiraf edib. Misal üçün, "Azərbaycanda siyasi- ictimai sektorda böhranın səbəblərindən biri subyektiv amildir, vətəndaşların özünün şüur səviyyəsidir, passivliyidir" deyən ADP sədri, istəsələr belə, xalqı öz tərəflərinə cəlb edə bilməyəcəklər. ADP sədri vurğulayıb ki, müxalifət demokratiyadan uzaqdır. Bunun nəticəsində, düşərgədəkilər ayrı-ayrılıqda bir-birlərini digərindən üstün və güclü sayır: "Demokratiyadan uzaqlaşmaq isə, ona gətirib çıxarır ki, hər kəs özünü daha güclü sayır, daha ağıllı sayır, bir-birinə dözümlülük, uzlaşmalar, birləşmək meyilləri sıradan çıxır. Hətta ayrı-ayrı partiyaların özünün daxilində belə, bu demokratik dəyərləri, artıq müşahidə eləmək mümkün deyil".
ADP sədrinə görə də, siyasi partiyalarda birlik, təmərküzləşmə, ümumi maraqlara görə bir addım geriyə atmaq meyilləri yoxdur: "Bütün müxalifət partiyalarının hər biri özünü "lider" hesab edir. Ona görə də, müxalifət düşərgəsində "birlik" sözü ancaq söz olaraq qalır. Belə bir vəziyyətdə biz hansı aktivlikdən, demokratik dəyərlərdən və bir araya gəlməkdən danışa bilərik. Azərbaycan müxalifəti üçün dar bir baxış var-hakimiyyətə gəlmək. Yerdə qalan heç bir məsələ barədə Azərbaycan müxalifəti nə düşünür, nə də maraqlanır".

"Düşərgə daxilində demokratik meyllər sıfır dərəcəsindədir"

S.Cəlaloğlu, onu da etiraf edib ki, düşərgə daxilində demokratik meyillər sıfır dərəcəsindədir və həmin amil ənənəvi müxalifəti məhvə doğru sürükləyir: "...Böhrandan çıxa bilməmənin səbəblərindən biri müxalifətin özünün demokratik böhran keçirməsi ilə bağlıdır. Artıq partiya liderlərinin əksəriyyəti ritorikalarında belə, demokratiya sözündən istifadə eləmirlər, demokratik dəyərlərdən danışan yoxdur və əməli işində də demokratik prinsip və dəyərləri rəhbər tutan müxalifətçi yoxdur. Azərbaycan müxalifəti siyasi ayırma siyasəti aparır, amma siyasi birləşməni həyata keçirmir. Böhranımızın ən ciddi səbəblərindən biri budur. Biz, necə ki, birləşmə qabiliyyətinə malik deyilik, düşdüyümüz böhrandan çıxa bilmərik".
Göründüyü kimi, ADP sədri reallıqları açıq-aydın bildirir və vurğulayır ki, bu həqiqəti dərk edə bilməyən digər müxalifət "liderləri" günahı xalqda və hakimiyyət dairələrində deyil, özlərində axtarmalıdırlar. Axtara bilmirlərsə, demək, siyasi ölümün caynağından çıxa bilməyəcəklər.
Beləliklə, bütün bu reallıqlar, onu sübut edir ki, artıq müxalifətin qatarı çoxdan gedib və bütün hallarda, ənənəvi və naftalin qoxusu verən düşərgə "liderləri" geri çəkilməlidirlər.

Rəfiqə HÜSEYNOVA