"Azərbaycan mühüm tranzit məkana çevrilib" RƏY-ÖZƏL

19 İyul 2019 11:29 (UTC+04:00)

"Hazırda dünyada digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da ciddi rəqabət hökm sürür. Belə sərt rəqabət mühitində tranzit ölkələr daşımalar üçün daha əlverişli şərait yaratmaqla önə çıxa bilərlər. Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmizin əlverişli coğrafi mövqeyi dövlətin güclü siyasi iradəsi, tariflərin optimallaşdırılması, həmçinin daşımaların rahat və təhlükəsiz həyata keçirilməsinə imkanlar yaradan müasir infrastrukturun qurulması kimi mühüm amillərlə tamamlanır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

Son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələrin reallaşdırıldığını deyən deputat söyləyib ki, Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir.

T. Süleymanov qeyd edib ki, Avropa ilə Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir: "Əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanın tranzit məkana çevrilməsini şərtləndirən yeganə amil deyil. Bu gün Xəzər-Qara dəniz coğrafiyasında və daha geniş arealda ölkələr arasında əməkdaşlıq əlaqələrinin dərinləşməsində müstəqil Azərbaycanın mühüm rolu yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycanın regionda və qlobal miqyasda geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik".