"Ölkəmizdə dünya standartlarına cavab verən media formalaşmaqdadır” ÖZƏL -MÜNASİBƏT

19 İyul 2019 11:35 (UTC+04:00)

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi”. Bunu SİA-ya media eksperti, Əməkdar jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etdi: “Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır”.

A.Həsrət qeyd etdi ki, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olundu: “Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il müddətində donduruldu, sonra isə ləğv olundu. Çox sevindirici haldır ki, bu məqsədyönlü işlər Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün qəzet, jurnal, informasiya agentliyinin təsis edilməsi üçün münbit şərait var. Ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Jurnalistlərin əməyi yüksək qiymətləndirilir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun təşkili, onlara birdəfəlik yardımların göstərilməsi, “Əməkdar jurnalist” adının bərpa olunması buna bariz nümunədir. Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğıdan irəli gəlir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdən biridir”.

Azər Həsrət diqqətə çatdırdı ki, jurnalistlərə göstərilən diqqəti yüksək dəyərləndirən KİV nümayəndələri təsadüfi deyil ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab ediblər.