Sən də Gənc Lider ol!

18 İyul 2019 16:50 (UTC+04:00)

Anar Əliyev: "Gənc Liderlər üçün Yay Məktəbləri dövlətçiliyi və azərbaycançılığı daha da dərindən öyrənməkdə mühüm əhəmiyyət kəsb edir"

Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi olaraq yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası, ötən dövr ərzində, səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib. YAP-ın yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açılıb. Ölkəmizin inkişafı naminə yeni nəsil yetişdirmək YAP-ın ən öndə duran vəzifələrindən biridir. YAP-ın təşkil etdiyi Gənc Liderlər üçün Yay Məktəbləri gənclərin qeyri-formal təhsil almalarında, onların bilik və bacarıqlarının artırılmasında müstəsna rola malikdir. YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədr əvəzi Anar Əliyev də YAP-ın təşkil etdiyi Gənc Liderlər üçün Yay Məktəblərinin iştirakçısı olub. Öz təəssüratlarını qəzetimizlə bölüşən A.Əliyev "Mənim də iştirak etdiyim Gənc Liderlər üçün Yay Məktəbinin 1-ci Oğuz turu, həyatımda yaddaqalan və doğma günlərdən oldu" - deyərək təmsil olunduğu Binəqədi rayonundan 9 nəfər ən fəal nümunəvi gənclərlə birgə bu düşərgədə iştirak hüququ qazandıqlarını bildirdi: "Bizim üçün həm həyəcanlı, həm məsuliyyətli, həm də əyləncəli günlərin olacağını düşünürdük. Həyəcanlı, ona görə ki, yeni bir mühitdə yeni dostlarla 6 gün qalacaqdıq, məsuliyyətli ona görə ki, YAP-da təmsil olunuruq, əyləncəli, ona görə ki, maraqlı və şən bir kollektivin olacağını düşünürdük. Həqiqətən də, bu, belə idi. Respublikanın müxtəlif bölgələrindən olan 70 nəfər gəncin iştirak etdiyi bu yay məktəbi bizə yeni dostları, paylaşmağı, mehribançılığı, dövlətçiliyi, azərbaycançılığı daha da dərindən öyrənməkdə mühüm əhəmiyyət kəsb etdi. Yay məktəbi ərzində intellektual oyunlar, ilkin tibbi yardım və xüsusi yanğın təhlükəsizliyi təlimləri, sosial şəbəkədən düzgün istifadə olunması, ekologiya təlimi bizlərin şəxsi inkişafına böyük dəstək oldu. YAP İcra katibinin müavini Siyavuş Novruzov, millət vəkili Kamilə Əliyevanın gənclərlə səmimi söhbəti, maarifləndirici məlumatları, tövsiyyələri bizi qürurlandırdı".
Oğuzda keçirdikləri 6 günün onlar üçün yaddaqalan və unudulmaz olduğunu bildirən A.Əliyev gənclər üçün yaradılmış belə gözəl şəraitə, diqqət və dəstəyə görə YAP-ın rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Cəmilə İsmayılova: "Gələcək və bugünkü missiyamız Ulu Öndər Heydər Əliyev irsini izləyərək daha güclü və daha müasir Azərbaycan üçün dayanmadan çalışmaqdır"

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəmilə İsmayılova isə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi "Heydər Əliyevin siyasi məktəbini öyrənirik" Gənc Liderlər proqramı, proqram daxilində, bir çox tədbir və görüşlərdə fəal iştirak etmə şansı qazanıb. "Yeni Azərbaycan Partiyasının bu gün gənclərə sosiallaşmada və digər sahələrdə yaratmış olduğu imkanlar danılmazdır" deyən C.İsmayılova Gənc Liderlər Proqramı çərçivəsində Naxçıvan səfərində Ulu Öndər Heydər Əliyevin doğulduğu yurdu gəzməyə və tanımağa şans əldə etdiyi üçün qürurlanır: "Naxçıvana ilk getdiyimiz gün olduqca səmimi bir tərzdə qarşılandıq. Tur zamanı ilk fəaliyyətimiz Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzmək oldu. Daha sonra biz Ulu Öndər Heydər Əliyev muzeyi ilə tanış olduq. Geniş və ürəkaçan bir atmosferə malik olan muzeydə Ulu Öndər Heydər Əliyevi daha da yaxından tanıdıq və beləcə, gəzintimizi Duzdağ Fizioterapiya Mərkəzində davam etdirmək üçün yola düşdük. Xalqımızın və gələn xarici qonaqların mərkəzin həkimlərinin xususi diqqət və qayğısının nəticəsində, şəfa tapdıqlarını görmək bizə sevinc bəxş etdi. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvanın məhşur Saat Meydanı və digər yerlərlə bu tur zamanı daha yaxından tanış olduq. Biz burada gözəl xatirələrimizi pərvazlaşdıraraq, xoş bir günü geridə qoyaraq, ayrıldıq".
"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir" deyən gənc tələbə bildirdi ki, müasir dövrümüzdə gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli və dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir: "Bizim gələcək və hazırkı missiyamız isə, Ümummilli Lider Heydər Əliyev irsini izləyərək, daha güclü və daha müasir Azərbaycan üçün dayanmadan çalışmaq və Onun bizə miras qoyduğu cənnət vətən Azərbaycanı qorumaqdır".

Zümrüd BAYRAMOVA