YAP Binəqədi rayon təşkilatının rəhbərliyi "Səs" qəzetinin qonağı olub TƏDBİR- FOTOLAR

18 İyul 2019 16:48 (UTC+04:00)

22 İyul Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının rəhbərliyi başda olmaqla təşkilatın üzvləri və fəal gənclər “Səs” qəzetinin redaksiyasında qonaq olublar. SİA-nın verdiyi məlumata görə, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevi və kollektivi səmimi qəlbdən təbrik edib və xoş arzularını bildirib.

YAP Binəqədi rayon təşkilatının sədri bildirib ki, ölkədə baş verən ictimai-siyasi proseslərə doğru, düzgün və obyektiv yanaşması ilə seçilən "Səs" qəzeti cənab Prezidentin, eləcə də YAP-ın bununla bağlı prinsipial mövqeyini ardıcıl şəkildə işıqlandırır və müdafiə edir: ““Səs” qəzeti, mütamadi olaraq Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyası haqda xüsusi buraxılışlar və multimedia diskləri hazırlayıb cəmiyyətə təqdim edib. Bu da insanlar arasında maraqla qarşılanır. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti müstəsna rol oynayır”.

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə qəzetin tarixi haqqında qonaqlara məlumat verərək deyib ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi qeydiyyatdan keçib/ 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb: “Yəni, qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzetin əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə "Səs" qəzetinin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Həmçinin, bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib”.

Media Qrupunun rəhbəri bildirib ki, Səs" qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb: “Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəs yerə deyil ki, yarandığı dövrlərdə "Səs" qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəylə davam edib”.

B.Quliyev çıxışında qeyd edib ki, "Səs" qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: “Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs" İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq”.

Dövlətin daim mətbuatın inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə çalışdığını söyləyən baş redaktor sonda bildirib ki, 2013 və 2017-ci illərdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün jurnalistlər mənzillə təmin olundu, növbəti bina da tikilmək üzrədir: “Demək istədiyim odur ki, əgər dövlətimiz bu kimi mütərəqqi addımları atırsa, bu addımlar jurnalistlər cameəsində dinamika yaradır, stimul verir. Ancaq biz, əldə edilən uğurlarla kifayətlənməməli, daim öyrənməli, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq daha çox çalışmalıyıq”.

Sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyevə diplom təqdim olunub və qəzetin kollektivi ilə xatirə şəkili çəkdirilib.