"Keşikçidağ" məsələsi yaxın vaxtlarda həllini tapacaq" AÇIQLAMA-ÖZƏL

18 İyul 2019 11:09 (UTC+04:00)

“Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı gedən prosesdə həllini tapmayan hissələrdən biri məhz “Keşikçidağ” ərazisidir ki, hazırda bununla bağlı ortaq komissiya çalışır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Prosesin bitməməsindən istifadə edən qüvvələrin olduğunu deyən siyasi şərhçi bildirib ki, “Keşikçidağ” məbəd kompleksi ətrafında baş verən təxribatların arxasında bir sıra xarici xüsusi xidmət orqanları və Ermənistanın fəaliyyəti dayanır.

Onun sözlərinə görə, bu məsələdə qızışdırıcı mövqe tutan qüvvə əsasən Leyboristlər Partiyasıdır.

A.Nağıyev söyləyib ki, baş verənlərdə əsas məqsəd iki xalq arasında nifaq salmaqdır: “Ermənilər Eyni zbununla yanaşı, Cənubi Qafqazda başqa bir müharibə ocağı yaratmağa çalışırlar. Ancaq Gürcüstan rəsmiləri nəzərə almalıdırlar ki, həmin ərazilərdə etnik azərbaycanlılar yaşayırlar. Onlar təxribata çəkilsə, bu, Gürcüstanın daxili təhlükəsizliyi üçün yaxşı nəsə vəd etməyəcək”.

Vəziyyətlə bağlı sərhədçilərimiz doğru mövqe tutduğunu, təxribata uymadıqlarını deyən ekspert qeyd edib ki, əks halda, bəzi qüvvələr baş verənləri əllərində bayraq edib bütün dünyaya sərhəddə atışma var deyə yayacaqdılar: “Azərbaycanın təmkinli davranışı qarşı tərəfdən də alqışlanır. Narazılıq yaxın zamanlarda tam şəkildə aradan qaldırılacaq”.