"Təxribatların olması istisna edilmir" RƏY-ÖZƏL

18 İyul 2019 10:58 (UTC+04:00)

“Keşikçidağ” məbəd kompleksində baş verən insidentdə üçüncü qüvvələrin əlinin olması ehtimalı əsla istsna edilə bilməz, hətta əksinə, proseslərin gedişatının müşahidəsi və təhlili bunun yüksək olduğunu göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Prezidentin köməkçisi, professor Əli Həsənovun məsələ ilə bağlı söylədiyi fikirlərə toxunan politoloq söyləyib: “PA rəsmisi Əli Həsənov haqlı olaraq qeyd edir ki, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var".

N.Məmmədova qeyd edib ki, son dövrlərdə Gürcüstanda xaos, qeyri-sabitliyin hökm sürməsi istər Gürcüstanın dövlət orqanlarına, istərsə də, cəmiyyətin ayrı-ayrı seqmentlərinə xarici qüvvələrin təsiri xeyli artıb və bu, həm də Azərbaycana münasibətdə dəfələrlə baş verən insidentlərdə büruzə verir: “Ölkədə 2020-ci il seçkiləri gəlir və parlament seçkilərinin nəticəsindən nəinki ölkənin, eləcə də müəyyən qədər Cənubi Qafqaz bölgəsinin, Qara dəniz akvatoriyasının, Rusiya-Qərb münasibətlərinin perspektivi, NATO-nun regionda genişlənmə planlarının reallaşması perspektivləri asılı ola bilər. Azərbaycan-Gürcüstan-Türkiyənin birgə həyata keçirdiyi nəqliyyat-kommunikasiya, enerji sahəsindəki meqalayihələrin təhdidlə üzləşmə ehtimalı aşağı olsa da, zaman-zaman onlara qarşı da təxribatların olması istisna edilmir”.

Politoloq vurğulayıb ki, Prezidentin köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi Azərbaycan ictimaiyyəti mübahisələr, insidentlər zamanı diplomatlarımızın və sərhədçilərimizin bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirmədiklərini, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruduqlarını yaxşı bilir: “Ona görə də, ümid edirəm ki, bu təxribat onu planlaşdıran məkrli qüvvələrin masası üzərində qalaraq, proses daha da gərginliyə doğru getməyəcək. Çünki bundan əziyyət çəkən iki ölkənin xalqı və onlar aradındakı qonşuluq münasibətləri ola bilər”.