Xarici mətbuatlarda Şəki Xan Sarayı - ÖZƏL

18 İyul 2019 10:26 (UTC+04:00)

Özbəkistanın qalampir.uz portalı Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb. SİA-nın məlumatına görə, məqalədə XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat yer alıb. Bildirilir ki, saray 1848-1851, 1955-1965 və 2002-ci ildə restavrasiya olunub.

Materialda qeyd edilir ki, Xan Sarayının gözəlliyinə və təkrarsız memarlıq üslubuna baxmaq üçün hər gün bura yüzlərlə turist gəlir. Məqalədə Şəki Xan Sarayına aid çoxlu fotoşəkil də yerləşdirilib.

İtaliya mətbuatında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin UNESCO-nun siyahısına daxil edilməsi ilə bağlı məqalə dərc edilib. SİA-nın məlumatına görə, məqalə ölkəmizlə bağlı mütəmadi italyan dilində xəbərlər paylaşan “Azerbaijan news” xəbər saytında, eləcə də Avropa Xəbər Agentliyinin İtaliyadakı xüsusi müxbiri Carlo Morino tərəfindən yaradılan “eurasiaticanews” informasiya portalında yer alıb.

Yazılarda XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat verilir. Diqqətə çatdırılır ki, saray 1848-1851, 1955-1965 və 2002-ci ildə restavrasiya olunub.

Materialda qeyd edilir ki, sarayın gözəlliyinə və təkrarsız memarlıq üslubuna baxmaq üçün hər gün bura yüzlərlə turist gəlir. Məqalədə Şəki Xan Sarayına aid çoxlu fotoşəkil də yerləşdirilib.

Çinin nüfuzlu "China Daily" qəzeti UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən tarixi Şəki şəhərini Qurcanaçay iki yerə bölür. Tarixi ticarət yollarının üzərində yerləşən Şəkidəki tarixi abidələr Səfəvilər və Qacarlar dövlətlərinin, habelə Rusiya imperiyası dövrünə aid memarlıq ənənələrindən bəhrələnib.

"China Daily"nin yaydığı xəbərdə qeyd olunur ki, Şəkidəki tarixi abidələrin ən məşhurlarından olan Xan Sarayının və karvansarayların inşası XVIII və XIX əsrlərdə şəhərdə ipəkçiliyin və ipək ticarətinin çiçəkləndiyi dövrlərə təsadüf edir.

Qeyd edək ki, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

AZƏRTAC ilə "China Daily" qəzeti arasında əməkdaşlığa dair anlaşma agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə əldə olunub.

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası ilə bağlı “Bakı Ümumdünya İrs Komitəsini qəbul edir” başlıqlı məqalə dərc edilib. SİA xəbər verir ki, məqalədə qeyd olunur ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün 36 müraciət nəzərdən keçirilir.

UNESKO-nun yaydığı bəyanatda qeyd edilir ki, sessiya iyunun 30-dan iyulun 10-dək davam edəcək. Yazıda, həmçinin sessiyada müzakirə olunan digər məsələlərdən bəhs olunur.