"Azərbaycan mətbuatı çox uğurlu inkişaf dövrünü yaşayır" ÖZƏL-ŞƏRH

18 İyul 2019 10:08 (UTC+04:00)

"Bu gün Azərbaycan mətbuatı çox uğurla öz inkişaf dövrünü yaşayır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, hər birimiz 1990-cu ildə Azərbaycanın düşdüyü ağır günlərin şahidiyik: "Azərbaycanda çox çətin bir dövr idi, insanların sabaha ümidi yox idi, gərgin sosial həyat tərzi yaşayırdılar. İnsanların şəxsi həyatlarına qarşı kifayət qədər müdaxilələr olurdu. Bu proses təbii ki, mətbuatdan da yan keçmirdi. Azərbaycanda senzuranın, xüsusilə hərbi senzuranın mövcudluğu mətbuatın, jurnalistikanın məhvinə yönəlmişdi. Jurnalistlərə qarşı fiziki, mənəvi təzyiqlərin, təqiblərin baş alıb getdiyi bir dövrdə yaşayırdıq. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Baxmayaraq ki, 1991-ci ildə ölkə parlamentində müstəqillik aktı qəbul olunmuşdu, amma ölkədə müstəqillikdən söhbət gedə bilməzdi. Bütün bu təqib və təhlükələr Ulu Öndərin hakimiyyətə qayıdışı ilə arxada qaldı, Azərbaycan tənəzzüldən tərəqqiyə qədəm qoydu. Bu dövrdə də kifayət qədər fərman və sərəncamlar imzalandı ki, bu gün Azərbaycan dövlətinin varlığı, mövcudluğu, dünya birliyində özünə layiqli yer tutması Ulu Öndərin adı ilə bağlıdır. Həmçinin Azərbaycan bu gün müstəqil mətbuatın inkişafı, yaranması, mövcudluğu məhz həmin dövrlərə və ulu öndərin imzaladığı sərəncamlar, qərarlarla çox böyük təkan verildi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı imzalanan sərəncama əsasən mətbuat üzərindən dövlət nəzarət mexanizmi götürüldü. Ulu öndərin qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İstər daxili, istər xarici siyasət, istərsə də regionlarda quruculuq işləri gedir. Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, bütövlükdə yenidən qurulur. Bundan əlavə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istərdim. Bu müddət ərzində bu qurum çox uğurla fəaliyyət göstərib.

2005-ci ildə Azərbaycan Milli Mətbuatının yaranmasının 130 illiyində Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini çox uğurla davam etdirərək, "Əməkdar jurnalist" adının bərpa olunmasını və ölkənin aparıcı media nümayəndələrinin Ali mükafatlarla, həmçinin "Tərəqqi" medalı ilə təltif olunmalarını, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılmasını təmin etdi. Təbii ki, bu da mətbuatın inkişafı üçün böyük zəmindir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti Azərbaycan mətbuatı tarixində çox önəmli bir hadisə idi. Hər bir qəzet, jurnal, mətbuat orqanı, jurnalist bu fondun fəaliyyətindən bəhrələnir və onun gördüyü işlərlə onunla yaxından əməkdaşlıq edir. Mən xüsusilə qeyd etmək istərdim ki, 2010-cu ildə Milli Mətbuatın yaranmasının 135 illiyində cənab Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurasının inzibatı binasının açılışında və orada MŞ-nın İdarə heyətinin üzvləri ilə görüşdə bir çox məsələlərə toxundu. Burada jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər dinlənildi. Bundan bir neçə saat sonra xüsusi sərəncamla jurnalistlər üçün yeni yaşayış binasının tikilməsinə vəsait ayrıldı. Hesab edirəm ki, bu, anoloqu olmayan hadisədir. Həm jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir".

Vüqar Rəhimzadə Azərbaycan jurnalistlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də diqqət çəkib. Ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunduğunu vurğulayan baş redaktor həmin hadisəni ölkədə jurnalistlərə göstərilən dövlət qayğısının çox böyük nümunəsi adlandırıb, bu prosesin davamlı olaraq həyata keçirildiyini xatırladıb: "Jurnalistlər üçün tikilən binanın açılışında növbəti binanın tikintisinin başlanması, təməlqoyma mərasimində möhtərəm Prezidentin şəxsən iştirakı jurnalistlərə bir daha böyük diqqətin, qayğının göstərilməsidir".