10 gizli silah emalatxanası aşkar edilib Rusiyada

17 İyul 2019 18:20 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər və odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində odlu silahlar hazırlayan və onları Rusiyanın digər subyektlərində satan Kursk vilayətinin sakinlərindən ibarət cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən 10 emalatxana aşkar olunub, oradan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.

FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, “Kalaşnikov” avtomatları və “Makarov” tapançaları, digər silah-sursat götürüldüyünü bildirib. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub. Qeyd olunub ki, paralel olaraq silah alıcılarının olduğu Rusiyanın digər regionlarında da axtarış-əməliyyat tədbirləri həyata keçirilir.