"“Keşikçidağ” ətrafında çoxlu söz-söhbətlər gedir" ÖZƏL-MÜNASİBƏT

17 İyul 2019 15:12 (UTC+04:00)

"Son zamanlar “Keşikçidağ” ətrafında çoxlu söz-söhbətlər gedir. Hal-hazırda biz bilirik ki, Azərbaycan və Gürcüstan respublikalarının xarici işlər nazirləri səviyyəsində, eləcə də dövlət səviyyəsində bu məsələnin həll olunması üçün işlər, danışıqlar aparılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan və Gürcüstan yaxın qonşu olmaqla bərabər iki ölkə arasında siyasi, iqtisadi münasibətlər yüksək səviyyədədir: "Bakı-Tbilisi-Ceyhan qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. buna missal olaraq göstərilə bilər. Biz bilirik ki, hər iki layihə Gürcüstan ərazisindən keçir və iqtisadi baxımdan çox əlverişli layihələrdir. Həmçinin iki ölkə arasında turizmin inkişafında çox yaxın münasibətlər var. Təbii ki, “Keşikçidağ” məsələsi də iki yaxınb qonşu dövlətlər, xalqlar arasında öz həllini tapacaq. Amma bu məsələdə biz görürük ki, üçüncü tərəf də maraqlıdır. Bu gün Azərbaycanı gözügötürməyən qüvvələr var. Bunlara erməni lobbisi və bu lobbiyə yaxın olan beynəlxalq qurumlar və s. daxildir. Həmçinin daxildə olan radikal müxalifət də çalışır ki, bu məsələlərdən bir şou düzəltsinlər. Bir daha söyləyirəm ki, hər iki dövlət, xalqlar arasında yaxın qonşuluq, dostluq münasibətləri mövcuddur".