Bir qrup ABŞ konqresmeni üçün Ermənistanın marağı ABŞ-ın dövlət maraqlarından üstündür -Mübariz Əhmədoğlu

17 İyul 2019 10:54 (UTC+04:00)

"ABŞ konqresmenləri ermənilərin təklifi ilə 2 qətnamə qəbul ediblər. ABŞ konqresmenlərinin “erməni soyqırımı”nın tanınmasında uğursuz cəhdlərindən sonra Dağlıq Qarabağ mövzusunda belə aktivlik bir sıra prizmalardan izah oluna bilər. Onlar “erməni soyqırımının” tanınmasında əgər ciddi bir şey əldə edə bilməyiblərsə, Dağlıq Qarabağ münaqişəsində də ciddi dəyişiklik yarada bilməyəcəklər. Başqa sözlə, Dağlıq Qarabağ mövzusunda da ermənilərin maraqlarını təmin edə bilməyəcəklər". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, ABŞ konqresinin Dağlıq Qarabağ mövzusundakı qətnamələri qərəzlilik, savadsızlıq və məlumatsızlıqdan irəli gələn cəfəng iddialarla xarakterizə olunur: "Guya Azərbaycan təkcə Ermənistanı deyil, Gürcüstanı da blokadaya alıb. Bu gün və o zaman da bəlli idi ki, Azərbaycanın Gürcüstanı blokadaya alması öz-özünü blokadaya alması anlamındadır.

Guya azərbaycanlılar Dağlıq Qarabağda təkcə erməniləri deyil, yəhudiləri də qırırlar. O zaman bu tezisin müəllifi olan konqresmenlər sonradan bircə nəfər də yəhudinin Azərbaycan hərbçisi tərəfdən öldürülməsi ilə bağlı faktlara rast gəlmədilər. Çünki Dağlıq Qarabağda yəhudi yaşamayıb. Dağlıq Qarabağ münaqişəsində yəhudilər öldü, amma bu Azərbaycan Respublikasının vətəndaşı olan yəhudilərin Azərbaycan torpağı uğrunda apardığı mübarizə nəticəsində olub. Başqa sözlə, ermənilər Azərbaycan Respublikasının vətəndaşı olan yəhudiləri öldürüblər.

“Azadlığa dəstək aktına” 907 -ci əlavə də konqresin ABŞ-ın milli maraqlarını inkar etməsinin nümunəsidir. Həm Klinton , həm də Buş administrasiyaları bu düzəlişin kəskin əleyhinə idilər. İlk mkan düşən kimi Ağ ev bu düzəlişin təsirini dayandırdı.

ABŞ prezidenti D.Trampın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Belə olan halda konqresmenlərin məlumatsızlığı təkcə siyasi qərəzin hesabına deyil. ABŞ konqresmenləri bilirlər ki, SSRİ-i dağılarkən keçmiş sovet respublikaları “uti posidises” proseduru ilə BMT-yə üzv qəbul edildilər. Yəni Dağlıq Qarabağ SSRİ vaxtı Azərbaycan SSR-nin tərkib hissəsi idi, o avtomatik olaraq müstəqil Azərbaycan Respublikasının tərkib hissəsidir. BMT başqa variant ortalığa qoymayıb.

N.Paşinyanın hakimiyyətə gəlməsindən istifadə edərək konqresmenlər də öz şəxsi maraqlarını təmin etmək üçün erməni təşkilatlarının təkliflərinə dəstək verdilər. Konqresmenlər unutdular ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri C.Bolton regionda olarkən ABŞ-dan silah almağı təklif etdi.

Frenk Pallone və yaxud digər konqresmenlər bunu bilmirlərsə demək savadsızdırlar. Savadsızdırlarsa konqresin adına, fəaliyyətinə ləkə gətirirlər.

Yox əgər bilə-bilə Dağlıq Qarabağa səfərlərə qoyulan maneələri aradan qaldırmağı tələb edirlərsə, demək artıq özlərinin şəxsi maraqlarını ABŞ-ın dövlət marağından üstün tuturlar.

Azərbaycan heç vaxt Dağlıq Qarabağa edilən səfərlərə qadağa qoymayıb. Azərbaycan Dağlıq Qarabağa edilən səfərlərin rəsmi Bakının icazəsi ilə və yaratdığı şərait əsasında baş tutmasına çalışır. Rəsmi Bakı beynəlxalq hüququ müdafiə edir. Hər halda Frenk Pallone və digər konqresmenlərin atdığı addımlar sonda ABŞ konqresinin nüfuzdan düşməsinə səbəb olacaq".